Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda qatı açılmamış sirlər: Gizli dərə, qəribə tayfa və kişilərə qan udduran qadın

© Photo : REPORT Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları
Balakən rayonunun Tülü kəndində aşkarlanmış Alban məbədinin qalıqları - Sputnik Azərbaycan
Abunə olmaq
Öldürülən albanların arasında xüsusi dəbilqəsinə görə diqqət çəkənləri araşdırıblar və dəbilqəni qənimət kimi götürmək istəyəndə məlum olub ki, onun altında uzun hörüklü saç açılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ilə hər zaman xalqımızın adını uca tutub. Mənəvi dəyərlərimizin formalaşmasında və inkişafında da qadınlarımızın rolu böyük olub.

Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə adını yazdıranlardan biri də Massaget hökmdarı Tomris olub.

© Sputnik / Shahperi AbbasovaTarixçi alim Akif Məmmədli
Tarixçi alim Akif Məmmədli  - Sputnik Azərbaycan
Tarixçi alim Akif Məmmədli

Tarixçi alim Akif Məmmədli Massaget hökmdarı haqqında bəzi faktları Sputnik Azərbaycan-la bölüşüb. Bildirib ki, e.ə. 65-ci ildə Roma sərkərdəsi Pompey Qanıq çayı sahilində Alban orduları ilə döyüşdə hiylə işlədərək albanlara qalib gəlib.

"Öldürülən albanların arasında xüsusi dəbilqəsinə görə diqqət çəkənləri araşdırıblar və dəbilqəni qənimət kimi götürmək istəyəndə məlum olub ki, onun altında uzun hörüklü saç açılır. Alban döyüşçülərinin içərisində qadınlar da vuruşurmuşlar. Ən qəribəsi də o olub ki, kişilərin içərisində yaralı tapılıb, amma qadınların içərisindən bir nəfər də olsun yaralı olmayıb. Bu fakt Pompeyi də təəccübləndirib", — tarixçi deyib.

Müsahibimiz bildirib ki, massagetlərin hökmdarı Tomris böyük indiki İran ərazisində mövcud olan nəhəng Əhəmənilər İmperiyasının qurucusu Kiri də 530-cu ildə Albaniyada məğlub edib: "Tomrisin yaşadığı bölgələr Balakən-Zaqatala, Qax, Şəki, Qəbələ əraziləri olub: "Herodotun "Tarix" kitabında qeyd edilir ki, Qafqazda qadın döyüşçülər olan Amazon tayfaları yaşayır. Bu da ona əsas verir ki, Amazon tayfaları burada yaşayıb. Mütəxxəssislərin fikrincə, Massak sözündə "ma" sözönü qadını bildirirdi, yəni "qadınların hökmranlıq etdiyi" anlamına gəlir".

Qeyd edək ki, 1920-30-cu illərdə Zaqatalada olmuş Qurban Səid adlı dəyərli bir elm adamı Avropada bir neçə elmi məqalə çap etdirib. Hazırda Almaniyada yaşayan azərbaycanlı tarixçi Nuridə Atəşi bildirib ki, həmin alim italyan dilində yazdığı məqalədə Zaqatalanı "böyük möcüzə" adlandırıb. Həmin məqalədə deyilir: "Dərədə, insan ayağı dəyməyən bir dağın qoynunda qadınların ailə başçısı olduğu bir tayfa yaşayırdı. Bu, amazonlardı".

Azərbaycanın şimal-qərb bölgəsi Qafqaz tarixinin çox böyük xəzinəsidir. Tarixçi bu bölgənin düzgün araşdırılmamasından gileylənib: "Haqqında danışdığımız bölgə, əfsus ki, çox az araşdırılıb. Amazonların da izlərini biz buradan tapa bilərik. Herodotun bəhs etdiyi bir neçə kəndin, o cümlədən Qurban Səidin də Amazon tayfalarının olduğu yerlə bağlı bütün dərgiləri, sənədlər bu bölgəni göstərir".

© Sputnik / Shahperi AbbasovaHerodotun "Tarix" kitabı
Herodotun Tarix kitabı - Sputnik Azərbaycan
Herodotun "Tarix" kitabı

Tarixçi alim şumerlərin də izlərinin bu bölgəyə aid olduğu qənaətindədir: "Yəqin ki, "Esxilin "Zəncirlənmiş Prometey" əsərini oxumayan yoxdur. İnsanlara od verdiyinə görə Prometey Qaf dağına zəncirlənir. Niyə? Mənim fikrim belədir ki, yunanlar özlərinin öncəki sivilizasiyasını işarə verirdilər".

"Oğuz rayonunun Kərimli kəndindəki kurqanda eramızdan əvvəl II minilliyə aid Şumer mədəniyyətinin eynisi tapılıb. Orada şumerlərin eradan əvvəl VII-VI minillikdə Altaylardan Mesopotamiyaya hərəkəti əksini tapır. O hərəkətin bir hissəsi də Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ bölgəsinə düşür", — tarixçi vurğulayıb.

Bildirək ki, şumerlərə aid bəzi — "məhlə", "əbbək", "nimtənə", "doqqaz" dialekt sözlər var ki, Balakən, Zaqatala, Qax bölgəsində bu gün də işlənir və heç bir dəyişikliyə uğramayıb. Tarixçi qeyd edib ki, həmin sözlərin özü də şumerlərin burada yaşadığının sübutudur: "Şumer tədqiqatçılarının araşdırmalarında rastıma bəzi sözlər çıxmışdı. "Su", "hava", "məhlə", "əbbək", "nəmə" sözləri Mesopotamiyada gil kitabələr üzərində oxunub".

A.Məmmədli məktəblərdə tarix dərsinin çox zəif tədris olunduğunu vurğulayıb: "Təəssüf ki, həmkarlarım da tarix fənninin tədrisini sadəcə dərs xətrinə keçirlər. Tarix fənnini tədris edən müəllim öncə vətənpərvər olmalıdır. Sidq-ürəkdən öyrətməlidirlər tarixi. Yalnız o halda gəncləri tarixi sevməyə cəlb edə bilərik. Əks təqdirdə, tariximizdən, soy kökümüzdən uzaqlaşa bilərik".

Həmsöhbətimiz bugünkü tarix dərsliklərinin vəziyyətindən də gileylənib: "Tarix dərslikləri çox səthi yazılır. Demək olar ki, heç nə yazılımır. Elə indi haqqında danışdığımız "Massagetlər" mövzusuna da tarix dərsliyində çox az yer verilib. Amma bu, bizim şanlı tariximizdir".

Xəbər lenti
0