BAKI, 20 aprel — Sputnik. Bayılda evləri dağılan ailələrə verilən maddi yardım hesablara köçürülüb. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.
Onun sözlərinə görə, Bayıl sürüşmə zonasında evləri dağılan 6 ailə üçün təyin olunan birdəfəlik maddi yardım artıq hesablara köçürülüb: "Ailə başçıları günortadan sonra həmin vəsaitləri müvafiq bank hesablarından çıxara bilərlər".
"Nazirlər Kabinetinin qərarı ilə Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə fevralın 10-da baş vermiş lokal torpaq sürüşməsi nəticəsində evi əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşən 6 yaşayış evinin sahibinə evin bir kvadrat metri üçün 700 manat, yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla ümumilikdə 347600 manat məbləğində birdəfəlik maddi yardım ödənilib" — deyə İ.Kərimov bildirib.