BAKI, 19 aprel — Sputnik. Kubanın Milli Assambleyası bu gün Migel Dias-Kaneli Dövlət Şurasının sədri (ali dövlət postu) vəzifəsinə seçib. O, bu vəzifədə 86 yaşlı Raul Kastronu əvəz edəcək. Raul Kastro 2006-cı ildən Kubanı idarə edirdi.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, Raulun gedişi ilə Kastro ailəsinin Kubadakı 59 illik hakimiyyətinə son qoyulur. Bu ailə Kubaya 1959-cu il yanvarın 1-dən, inqilabın qələbə qazanması ilə rəhbərlik edirdi.
Raul Kastro 2006-cı ildə dövlət başçısı vəzifəsini icra etməyə başlayıb. Həmin dövrdə onun qardaşı Fidel Kastro formal olaraq ölkənin lideri idi. 2008-ci ildə Raul Kastro 97,7% səslə Dövlət Şurasının sədri seçilib. 2013-cü ildə onu yenidən bu posta seçiblər.
Raul Kastronun dövrü Kubada liberallaşma dövrü kimi yadda qalıb. Bu addımları atarkən o, Kubanı kapitalizmə doğru aparmadığını iddia edərək sosializmi gücləndirdiyini bildirirdi. Bu vaxt ərzində "Azadlıq adası"na çoxlu xarici sərmayə cəlb olundu, yerli sahibkarlara çoxlu güzəştlər edildi və xüsusi mülkiyyətin dəstəklənməsi üçün ciddi addımlar atıldı.
2014-cü ildə ABŞ ilə 1959-cu ildən dondurulmuş münasibətlər bərpa olunmağa başladı. 2015-ci ildə hər iki ölkədə səfirliklər açıldı və 2016-cı ildə ABŞ prezidenti Barak Obama Kubanı ziyarət etdi.
Kubanın yeni lideri Migel Dias-Kanel 1960-cı ildə Kuba inqilabının qələbəsindən sonra anadan olub. 2000-ci illərin əvvəllərində Kuba Kommunist Partiyası Siyasi Bürosunun ən gənc üzvü seçilib. 2013-cü ildə Fidel Kastronun birinci müavini təyin olunduqdan sonra ekspertlərin çoxu onun ölkənin gələcək lideri olacağını deyirdilər. Onun həyata keçirəcəyi siyasətin Raulun siyasətindən ciddi fərqlənməyəcəyi proqnozlaşdırılır.
Raul Kastro isə siyasətdən getmir. O, 2021-ci ilədək Kommunist Partiyasının baş katibi olaraq qalacaq.