BAKI, 19 aprel — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci maliyyə müsabiqəsi çərçivəsində qalib gələn təşkilatların maarifləndirmə sessiyası keçirilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT-lərlə müqavilə bağlanma prosedurları barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, əgər QHT müsabiqədə qalib gələrsə bu barədə onun elektron poçt ünvanına məlumat göndərilir, həmçinin müqavilə bağlanması üçün tələb olunan sənədlər və vaxt çərçivəsi barədə məlumatlandırılır: "QHT-lər Şuranın qəbul etdiyi qərar uyğun olaraq müsabiqəyə təqdim etdiyi layihə sənədlərində zəruri düzəlişlər etməlidir. Sənədlər elektron qaydada razılaşdırıldıqdan sonra QHT müqavilə bağlanması üçün Şuraya dəvət olunur".
F.Qurbanov müqavilə bağlanması üçün tələb olunan sənədlər, layihə idarə edilməsinin məqsədləri, istiqamətləri haqqında danışıb, layihələrin icrası zamanı riayət olunmalı tələbləri açıqlayıb.
Daha sonra tədbirdə QHT rəhbərləri və nümayəndələri onları maraqlandıran sualları Şura üzvlərinə ünvanlayıblar.