Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 18 aprel — Sputnik. Bakıda abonentlər krandan gələn suyun keyfiyyətindən şikayətçidirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, sosial şəbəkə istifadəçiləri müzakirələr zamanı bildirirlər ki, su filtirlərini hər ay dəyişmək məcburiyyətində qalırlar. Halbuki, həmin filtrlər 3-6 ayda bir dəfə dəyişdirilməlidir.
Bəziləri isə daha da irəli gedərək kranın ağzındakı süzgəcli vintin içinə dolmuş pas, lil və kirəcdən ibarət çöküntünün nümayiş etdirildiyi videonu yayıblar. Onlar bildiriblər ki, bu vəziyyət Nərimanov rayonu ərazisində müşahidə edilir. Eyni vəziyyətdən Yasamal, Xətai, Nizami rayonlarının, eləcədə də 9-cu mikrorayonun sakinləri də şikayətçidir.
Kranlardakı çirkli suyun müxtəlif səbəbləri ola bilər. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib ki, bu, hal bir sıra amillərlə bağlıdır. Onun sözlərinə görə, krana yığılan bu çirkaba səbəb ötən əsrdə tikilmiş binaların zirzəmilərindəki istifadə müddəti başa çatmış köhnə metal borular, yeni tikililərin su anbarlarının təmizlənməməsi, ayrı-ayrı mənzillərdəki su çənlərində yaranan çöküntülər, abonentlərin özlərinin evlərə primitiv üsullarla su borularını çəkməsi səbəb ola bilər.
"Misal üçün insanlar yeni tikilən binalarda 10-15 ildir yaşayır, amma həmin müddətdə o binaların su anbarları təmizlənməyib. Standartlara görə, hövuzlar ildə azı br dəfə təmizlənməlidir" — deyə Cəbrayıllı bildirib.
O qeyd edib ki, bu su anbarlarının təmizlənməsi "Azərsu" ASC-nin pulsuz xidmətlərinə daxil deyil: "Bunun üçün abonentlər hövuzların təmizlənməsi sahəsində ixtisaslaşan özəl şirkətlərlə müqavilə bağlamaq hüququna malikdirlər, yaxud da ödənişli əsaslarla "Azərsu" ASC-yə müraciət edə bilərlər".
Cəbrayıllının sözlərinə görə, "Azərsu" ASC yeni binalara gedən boru kəmərlərinin xidmətinə cavabdehdir: "Lakin yaşayış kompleksinin ərazisində su təchizatı sisteminin istismarına yerli komendant baxır. Bununla yanaşı, içməli su problemi yarandıqda, "Azərsu" ASC paslanmış boruları yeni polietilen borularla əvəz edir. Artıq 2 mindən yuxarı evdə bu işi görmüşük. Hazırda Bakıda bir neçə ünvanda borular dəyişdirilir".
ASC sözçüsü əminliklə deyib ki, bu gün içməli suyun keyfiyyəti ilə bağlı problem yoxdur: "Bir neçə il bundan əvvəl Ceyranbatan su anbarında və Kür çayının üzərində su təmizləyən qurğular yenilənib. Məhz bundan ötrü dövlət tərəfindən Ümumdünya Bankından 88,7 milyon dollar dəyərində kredit götürülüb".
Həmsöhbətimiz istənilən halda suyun keyfiyyətinə şübhə yarandıqda qurumun "qaynar xətt"inə zəng etməyi tövsiyə edir. Nəticədə "Azərsu" ASC öz nümayəndələrini göndərəcək: "Onlar suya baxır və zərurət olduqda idarənin mərkəzi laboratoriyasından ekspertlər dəvət edirlər. Ekspertiza başa çatandan sonra suyun çirklənməsinin səbəbi müəyyən edilir".
"Əgər müəyyən edilsə ki, borularda problem var, "Azərsu" bu problemi aradan qaldırır. Yox, əgər suyun çirkli olmasının səbəbi hovuzlar, su çənləri və mənzillərdəki paslanmış borulardırsa, bu problemlər sakinlərin özləri tərəfindən aradan qaldırılmalıdır" — A.Cəbrayıllı vurğulayıb.