Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 19 aprel — Sputnik. Azərbaycanlı istifadəçilərin "Facebook" heablarının blok edilməsi seçkiqabağı dövr ilə bağlı idi. Bu barədə Sputnik Azərbaycan-a avropalıların "Google" və "Facebook" barədə rəylərini şərh edən tanınmış jurnalist, "Facebook" hesabı blok olunmuş Kənan Quluzadə bildirib.
Sputnik.Rəy-in sorğusuna əsasən, avropalıların əksəriyyəti hesab edir ki, "Google" və "Facebook" alqoritmlərdən məlumatı bu və ya siyasi mövqenin xeyrinə yönləndirmək üçün istifadə edirlər. Bundan əlavə, son vaxtlar bütün dünyada Facebook istifadəçilərinin bloklanması müşahidə edilir. Bu bloklanma Azərbaycana da toxunub və azərbaycanlılara məlum olmayan səbəblərdən hələ də davam edir.
Quluzadənin sözlərinə görə, avropalıların "Google" və "Facebook" barədə rəylərində həqiqət var: "Əks halda, amerikalı senatorlar "Facebook"-un qurucusu Mark Zukerberqi 5 saat ərzində sorğu-suala tutmazdılar".
Azərbaycanlı tanınmış bloqçulara və jurnalistlərə qarşı hücuma gəldikdə isə, ekspertin fikrincə, bu həmlə məhz Azərbaycandakı seçkiqabağı dövrdə başlayıb və ünvanlı olub. Quluzadə bildirib ki, əvvəlcə əsas rusdilli istifadəçilər sıradan çıxarıldı, sonra isə dalğa digərlərini əhatə etdi.
Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, kütləvi şəkildə bloklama çox yəqin ki, narazılıq dalğasının artması ilə bağlı idi və onlar göstərmək istəyirdilər ki, ayrı-ayrı tanınmış bloqçuların bloklanması siyasi senzura ilə bağlı deyil: "Adamları çox səfeh bəhanələrlə bloklayırdılar, məsələn "azər" sözünə görə. Baxmayaraq ki, Azərbaycanda "Azər" adı çox məşhurdur".
"Məni şəxsən bir il əvvəl işlətdiyim "xoxol" sözünə görə blokladılar. Bir başqasını "amerikoslar" sözünə görə. Mən Rusiyayönümlü adam deyiləm. Neytral biriyəm. Rusiyanın maraqlarına xidmət etmirəm ki, məni buna görə bloklasınlar. Ona görə də hesab edirəm ki, bu, seçkiqabağı dövr ilə bağlı idi" — o bildirib.
Azərbaycanda isə istifadəçilərin bloklanması davam edir. Quluzadənin sözlərinə görə, belə addımları yalnız siyasi təzyiq aləti kimi qiymətləndirmək olar.