BAKI, 18 aprel — Sputnik. Dolların məzənnəsini nəzarətə almağa çalışan İran Nazirlər Kabineti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək avrodan istifadəyə qərar verib.
Sputnik Azərbaycan “Mehr” agentliyinə istinadən xəbər verir ki, bundan sonra bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avrodan istifadə ediləcək.
Bütün nazirliklər, dövlət təşkilatları və şirkətlər statistikalarını, məlumat və maliyyə göstəricilərini (beynəlxalq pul köçürmələri ilə bağlı) açıqlayarkən öz hesabatlarında avrodan istifadə edəcəklər.
"İran lideri Ayətullah Xamenei bildirib ki, Moskva və Tehranın əməkdaşlığı və birgə hesablaşmalarda dollardan imtinası ABŞ-ı təcrid edə bilər". Bunu İran liderinin mətbuat xidməti bəyan edib. Xamenei, ölkələrin dolardan imtina edərək ikitərəfli və çoxtərəfli əməliyyatlarda milli valyutalardan istifadə etməklə Amerikanı təcrid etməyə qadir olduğunu da bildirib.
Onun sözlərinə görə, Rusiya lideri əsas qərar qəbul edə bilən güclü şəxsiyyətdir. Xamenei əlavə edib ki, "Rusiya ilə super güc kimi, qətiyyət və əzm tələb edən böyük miqyaslı tədbirlər məsələsində məntiqli şəkildə əməkdaşlıq etmək mümkündür”.
Xatırladaq ki, dollardan imtinanın bir səbəbi də rialın məzənnəsinin aşağı düşməsidir. İlin əvvəlində İran valyutasının dəyəri 8 faiz ucuzlaşıb. 2017-ci ildə də rialın kursu aşağı düşmüşdü. Dollara qoyulan qadağadan sonra ölkə daxilində dolların ucuzlaşması gözlənilir.