Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 18 aprel — Sputnik. Bu gün Bərdə rayonunun Uğurbəyli kəndində İDEA İctimai Birliyinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, meyvə bağı İDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə layihəsidir: “Əsas məqsəd aztəminatlı ailələrə meyvə bağı salıb vermək, onların maddi vəziyyətini yaxşılaşdırmaq və beləliklə onların həyata, vətəndaş cəmiyyətinə normal şəkildə inteqrasiyasını təmin etməkdir. Bu layihənin çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, Bərdə rayonunda bu layihənin bundan sonra da davamı olacaq".
İcra başçısı şəhid ailəsi kimi Sədaqət Abdullayevaya 80 sot, iki əlilə isə hər birinə 60 sot torpaq sahəsinin ayrıldığını, Təbii Sərvətlər Nazirliyindən həmin ərazidə əkmək üçün nar ağacları göndərildiyini bildirib.
Tədbirdə bayram əhval-ruhiyyəsi hökm sürüb, insanlar üçün çay süfrəsi təşkil edilib. Bərdə rayon Mədəniyyət Mərkəzinin Xalq Çalğı Alətlər Ansamblının müşayiəti ilə mahnılar oxunub, rəqs edilib.