İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 13 aprel — Sputnik. Ötən il ağacların kütləvi şəkildə məhv edilməsi hadisələri ilə yadda qaldı. "Ovçular evi"nin yaxınlığı, Zahid Xəlilov küçəsi, "Neftçilər" metrostansiyasının yaxınlığı, Xətai rayonu Sarayeva küçəsi və s. ünvanlarda ağacların "soyqırım" hadisələri yaşandı. İctimai qınaq və dövlət başçısının bəzi müdaxilələri nəticəsində problemin daha da dərinləşməsinin qarşısı alındı.
Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu kimi hallara qarşı mübarizə aparır, qanunsuz ağac kəsənləri cərimələyir. Lakin təəssüflər olsun ki, tətbiq edilən cərimələr bəzi işbazların gözünü qorxutmur. Və ağacların məhv edilməsi davam edir.
ETSN Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, təkcə ötən il ərzində 746 qanunsuz ağac kəsilməsi faktı ilə bağlı 391 şəxs 419300 manat məbləğində inzibati qaydada cərimə edilib. Ümumilikdə 207 nəfərə 722254 manat məbləğində iddia qaldırılıb, 262 iş polis orqanlarına, 611844 manat məbləğində cinayət tərkibli 93 iş prokurorluq orqanlarına göndərilib.
"Prokurorluq tərəfindən 19 iş üzrə cinayət işinə başlanılıb, bunlardan 4-ü üzrə istintaq başa çatdığı üçün məhkəməyə göndərilib. Və digər işlər üzrə hazırda razılaşdırma aparılır" — o bildirib.
Raqub Mirzəyevin sözlərinə görə, yaşıllıqların məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi ("Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi") ilə tənzimlənir. Və bu maddəyə görə, qanunpozanlara müvafiq cərimələr tətbiq edilir.
Müsahibimiz vurğulayır ki, maddənin müvafiq bəndinə görə, "Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə" fiziki şəxslər iki min, vəzifəli şəxslər dörd min, hüquqi şəxslər isə iyirmi beş min manat miqdarında cərimə edilir: "Eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə isə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə, fiziki şəxslər iki min iki yüz, vəzifəli şəxslər beş min, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir".
Mirzəyev qeyd edir ki, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min beş yüz, vəzifəli şəxslər altı min, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edilir.
Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq ərazilərinin kadastrında olan hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə fiziki şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək, hüquqi şəxslər isə iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.