Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 15 aprel — Sputnik. Bir neçə gün öncə paytaxtda sürücülərdən birinin polis tərəfindən müşahidə kamerası vasitəsi ilə çəkib sosial şəbəkələrdə paylaşdığı video müzakirələrə səbəb olub. Sürücü məlum videonu paylaşaraq yol polisinin onu haqsız yerə saxladığını iddia edib. Lakin o, gözlədiyi reaksiyanın əksi ilə qarşılaşıb. Belə ki, videonu izləyən sosial şəbəkə istifadəçilərinin, demək olar ki, hamısı sürücünü yox, yol polisini dəstəkləyib.
"Yol hərəkəti haqqında" Qanunu bəndlərinə qədər dəqiq bilən və qayda pozmuş sürücüyə təmkinlə izah edən, sürücünün inad göstərməsini səbirlə qarşılayan Dövlət Yol Polisinin (DYP) əməkdaşı sosial mediada böyük rəğbət qazanıb.
Sputnik Azərbaycan-ın əməkdaşı həmin nümunəvi DYP işçisini taparaq onunla həmsöhbət olub. Sözügedən videonun qəhrəmanı Mirzəliyev Xəqani suallarımızı da eyni təmkinlə cavablandırıb:
— Neçə ildir Dövlət Yol Polisində işləyirsiniz?
— Artıq iki ildir ki, Bakı Şəhər Yol Polis İdarəsində yol patrul xidmətinin inspektoru vəzifəsində çalışıram. Bu sənəti çox sevirəm. Elə təhsilimi də məhz bu sahə üzrə almışam.
— Azərbaycanda yol polisi işləmək çətin deyil?
— Polis peşəsi, ümumiyyətlə ağır sənətdir. Çünki polis qətiyyətli, daha səbirli və dözümlü, cəsarətli olmalıdır, qorxaqlıq göstərməməlidir, vəziyyətdən daha tez çıxmağı bacarmalıdır. Eyni zamanda polis vətəndaşlarda ünsiyyət zamanı kobudluğa yol verməməlidir.
— Qadın sürücülərə münasibətiniz? Adətən kişi sürücülər ən çox qadın sürücülərdən şikayət edir…
— Hazırda qadın sürücülər yol-hərəkət qaydalarına ciddi riayət edirlər. Onu deyə bilərəm ki, artıq sürücülərin hər biri qayda-qanuna əməl edirlər. Sürücülərin çoxu qanunu yaxşı bilirlər. Bu da sevindirici haldır.
— Son zamanlar sürücülərin bəziləri DYP əməkdaşı ilə danışarkən onları videoya çəkirlər. Buna münasibətiniz?
— Münasibətim normaldır. Əlbəttə, hər bir sürücü polisi xəbərdar edəndən sonra, onun şəxsi həyatına müdaxilə etmədən iş prosesini çəkə bilər. Qanun buna icazə verir. Ona görə də heç bir etirazımız yoxdur.
— Bilmədən cərimə edən və ya yolu azan sürücülərə kömək edirsiniz?
— Əlbəttə. Bir polis əməkdaşı kimi bizim fəaliyyət prinsipimiz humanistlik olduğu üçün belə sürücülərə yolu izah edirik, başa salırıq, lazımı istiqamətdə hərəkət etmələrinə köməklik göstəririk.
— Məlum hadisə ilə sosial şəbəkələrdə kifayət qədər tanındınız. Simanız tanınmasa da, haqqınızda danışan çox oldu. Bunu gözləyirdiniz?
— Gözləmirdim. Polis əməkdaşı olaraq bu, mənim xidməti vəzifələrimdən biridir. Polis olaraq mən hər bir vətəndaşa qanun çərçivəsində yaxınlaşıb, ona özümü təqdim etməliyəm. Sürücünün pozduğu qanunu izah etməliyəm və təbii ki, qanun çərçivəsində sürücü barədə tədbirlər həyata keçirməliyəm.
— Xidmətdə olmadığınız zaman özünüz heç qayda pozmuşunuz?
— İstər patrul avtomobilində, istərsə də mülki avtomobilimdə sükan arxasında əyləşən zaman maksimum dərəcədə qayda pozmamağa çalışıram. Patrul avtomobilində qayda pozarkən isə hərəkətdə olan digər sürücüləri təhlükə altına qoymayaraq, sayrışan işıqları yandıraraq hərəkət edirəm. Buna da bizə qanunla icazə verilir. Şəxsi avtomobilimdə isə qaydalara tam riayət edirəm. Polis orqanlarında işləməyə başlayandan daha çox məsuliyyətli olmuşam. Bu iki il ərzində şəxsi avtomobilimdə heç bir qayda pozmamışam. Çünki, kimisə qayda pozduğu üçün məsuliyyətə cəlb edirəmsə, mən özüm də o qaydanı poza bilmərəm.
— Polis olmadan öncə harada çalışmısınız?
— Magistr təhsili aldığım üçün bu sahədə işləyə bilməzdim. O vaxta kimi özəl sektorda çalışmışam. Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində "Yol hərəkətinin təşkili və təhlükəsizliyi" ixtisası üzrə magistr təhsili almışam. Təhsilimi bitirəndən sonra sənədlərimi Daxili İşlər Nazirliyinə vermişəm. Tam şəffaf şəkildə seçimlər nəticəsində işə qəbul olunmuşam.
— Qayda pozan sürücüləri saxlayan zaman qanundan yayınmaq üçün nə kimi bəhanələr gətirirlər?
— Bəhanə edən sürücülər çox olur. Ən çox "tələsirəm, gecikirəm" bəhanələri olur. Bu zaman biz də sürücülərə anladırıq ki, siz gecikməklə qayda pozan zaman başqa insanları da təhlükə altına qoyursunuz. Belə olmaz. Çalışırıq bu halların qarşısını alaq.