BAKI, 12 aprel — Sputnik. Prezident Donald Trampın müharibə siqnalı kimi qəbul edilən "Twitter" mesajı ilə çalxalanan dünya bu dəfə ABŞ-ın Virciniyadakı dəniz bazasından ayrılıb, Aralıq dənizinə doğru irəliləyən döyüş gəmilərini izləyir.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, ABŞ "USS Harry Truman" aviadaşıyıcısı və 7 hərbi gəmisi Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Aralıq dənizinə yola düşüb. Bununla əlaqədar minlərlə Amerika əsgəri ailələri ilə vidalaşıb. ABŞ hərbi donanmasını bir müddət Almaniya Hərbi Dəniz Qüvvələrinin tərkibində xidmət etmiş "FGS Hessen" freqatı da müşayiət edəcək.
Bu arada, Ağ Ev və Dövlət Departamenti Donald Trampın "Twitter" mesajını yumşaldan açıqlamalar verib. Ağ Evin sözçüsü Sara Sanders bildirib ki, Suriya ilə bağlı variantların hamısı masa üzərindədir və hələ ki, son qərar verilməyib.
Müharibə həyəcanı Avropada da yaşanır. Belə ki, Böyük Britaniyanın Cənubi Kiprdə yerləşən Akrotiri hərbi hava bazasına çoxlu sayda Britaniya qırıcısı cəmlənib. Bu gün Böyük Britaniyannın Nazirlər Kabineti Suriyada atılacaq addımları müzakirə etmək üçün toplanacaq. Baş nazir Tereza Meyin parlamentdən razılıq almadan Suriyada əməliyyata qatılmaq üçün hazır olduğu deyilir.
İsrail isə yenidən İranı hədəfə alıb. "Əgər İran Suriya torpaqlarından istifadə edərək İsrailə hücum edərsə, biz də Bəşər Əsəd rejimini xəritədən və dünyadan silərik", — deyə İsrail ordusundan bildirilib.