BAKI, 11 aprel — Sputnik. Gürcüstanda müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səs verməsi üçün Tbilisi və Batumidə seçki məntəqələri yaradılıb. Seçki məntəqələri bu gün yerli vaxtla saat 19:00-a qədər Azərbaycanın Gürcüstandakı səfirliyinin Tbilisidəki binasında və Batumidəki Azərbaycan konsulluğunda səsverməyə açıq olacaq.
"Səhər saat 08:00-dan etibarən biz seçki məntəqələrində səsverməni açıq elan etmişik. Hazırda Gürcüstanda müvəqqəti olaraq yaşayan, buradakı müxtəlif təşkilat və şirkətlərdə işləyən Azərbaycan vətəndaşlarının səsvermə prosesində fəallığı müşahidə olunur", — deyə Azərbaycanın Gürcüstandakı səfirliyinin üçüncü katibi, Tbilisidəki seçki məntəqəsinin üzvü Samirə Ağayeva Sputnik Gürcüstan-a bildirib.
Onun sözlərinə görə, Gürcüstandakı Azərbaycan konsulluğunda prezident seçkilərində iştirak etmək istəyən 557 vətəndaş qeydiyyatdan keçib: "Bu say arta bilər. Çünki seçkilərdə arzu edən istənilən Azərbaycan vətəndaşı iştirak edə bilər".
Qeyd edək ki, seçkilərdə başda Azərbaycanın hazırki prezidenti İlham Əlyev olmaqla 8 namizəd iştirak edir. Ölkədə səsvermə hüququ olan 5 milyondan artıq seçici ölkədəki 125 seçki dairəsi üzrə 5641 məntəqədə səs verəcək. 41 seçki məbtəqəsi isə ölkə hüdudlarından kənarda yaradılıb. Xaricdəki seçki məntəqələrini Azərbaycanın 32 ölkədəki diplomatik nümayəndəlikləri təşkil edib.