BAKI, 11 aprel — Sputnik. Məşhur braziliyalı futbolçu Pele bu il Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 77 yaşlı veteran futbolçu bir müddət öncə kürəyindən zədə alıb. Bu zədə Pelenin Karioka Liqi kubokunda iştirak etməsinə də əngəl olmuşdu.
2016-cı ildə Braziliyada keçirilən Rio Olimpiya Oyunlarında məşəli Pele yandırmalı idi. Amma səhhətində problem olduğu üçün ulduz idmançı o zaman da məşəli yandırmaqdan imtina edib.
Qeyd edək ki, Pele karyerası dövründə üçqat dünya çempionu olub. O, Beynəlxalq Futbol Federasiyasının qərarı ilə futbolçusu seçilib.
Dünya çempionatı 2018-ci ildə 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.