BAKI, 11 aprel — Sputnik. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı exit-pollun ilkin nəticələrini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, nəticələri mərkəzin rəhbəri İradə Yaqubova açıqlayıb.
O bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə exit-poll aparılıb: "80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. "Exit-poll" uğurla başa çatdı".
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin apardığı "exit-poll"un nəticələri aşağıdakı kimidir:
İlham Əliyev – 82,71 faiz
Qüdrət Həsənquliyev – 4,23 faiz
Sərdar Cəlaloğlu – 3,56 – faiz".
Zahid Oruc – 3,37 faiz
Hafiz Hacıyev – 2,1 faiz
Araz Əlizadə — 1,87 faiz
Fərəc Quliyev – 1,33 faiz
Razı Nurullayev – 0,92 faiz
Xatırladaq ki, bu gün Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikası prezidentinin seçkiləri keçirilir. Səsvermə səhər saat 08.00-da başlayıb, axşam saat 19:00-da başa çatacıb. Sputnik Azərbaycan xəbər verir ki, prezident postu uğrunda 8 namizəd mübarizə aparıb.
Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. Daimi seçki məntəqələri 5426, müvəqqəti seçki məntəqələri isə 215-dir. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.
Prezident seçkilərində 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir. Onlardan 102 mindən çoxu ilk dəfə səsvermə hüququ qazanıb.
Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da "Seçkilər" İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanıb. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdirilib.