Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə üçün ciddi xəbərdarlıq: "Suriyada əməliyyatı dayandırmasalar..."

© AFP 2024 / OMAR HAJ KADOUR Турецкий танк в Африне, Сирия, 18 марта 2018 года
Турецкий танк в Африне, Сирия, 18 марта 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz Orta Şərqdə də NATO ölkələrinin qərarlarının birgə və eyni əsasda olmasını istərdik, amma bu cür hadisələrdən təəssüflənirik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. "Türkiyə inamla və mütəmadi şəkildə terrorla mübarizə aparır. Türkiyənin Suriyada bir məqsədi var – beynəlxalq terrorla mübarizə. Afrin əməliyyatının da əsas məqsədi məhz beynəlxalq terror şəbəkəsi ilə mübarizədir. Düşünürəm ki, bu istiqamətdə Türkiyə NATO müttəfiqlərindən dəstək almalı idi".

© REPORTAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Asim Mollazadə

Bunu Sputnik Azərbaycan-a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə, Fransa hərbçilərinin Suriyanın Ayn İsa bölgəsinə yerləşməsinə, PKK-ya aid qərargah və nəqliyyat vasitələrində Fransa bayraqlarının ucaldılmasına münasibət bildirərkən deyib.

Deputat bu hadisəni çox xoşagəlməz hesab edir: "Biz gözləyirdik ki, iki NATO müttəfiqi terrorla birgə mübarizə aparsın. Hazırda NATO Əfqanıstanda birlikdə terrorla mübarizə aparır. Biz Orta Şərqdə də NATO ölkələrinin qərarlarının birgə və eyni əsasda olmasını istərdik və bu cür hadisələrdən təəssüflənirik".

"Xoşagəlməz vəziyyətdir və fikrimcə, bu cür məsələlər mütləq NATO-nun daxilində ciddi müzakirə edilməli və bu problemin həlli tapılmalıdır. Çünki qarşıdurma nə bölgəyə, nə də heç bir ölkəyə yaxşı bir şey gətirəcək. Bu vəziyyətdən udan, əslində NATO-nun rəqibləri olacaq", — deyə millət vəkili əlavə edib.

Politoloq Azər Rəşidoğlu isə Sputnik Azərbaycan-a açıqlamasında Suriya münaqişəsinin artıq beynəlxalq müstəviyə keçdiyini deyib: "Suriya daxili problemini həll edə bilmir və vəziyyət günü-gündən gərginləşir. Vəziyyətin məhz gərginləşməsi də kənar amillərin təsiri ilə baş verir".

© Sputnik / Murad OrujovAzər Rəşidoğlu
Azər Rəşidoğlu - Sputnik Azərbaycan
Azər Rəşidoğlu

Onun fikrincə, bu gün Rusiyanın və Türkiyənin Suriyada aparıcı mövqeyə malik olması digər dövlətlərin maraqlarına ziddir: "O baxımdan, Qərb ölkələri PKK, İŞİD və bu kimi terror təşkilatlarının yoxa çıxmasından narahatdır. Odur ki, münaqişəni daha da dərinləşdirmək niyyətindədirlər".

Politoloqun fikrincə, Fransanın bu dərəcədə açıq müdaxiləsi, həmçinin Türkiyənin Suriyanın içərisinə doğru irəliləməsi və PYD-ni tamamilə yox etmək istəyi yeni bir savaş meydana çıxara bilər: "Artıq Suriyada supergüclər üz-üzə gəlir. Bu, uzunmüddətli və daha qanlı bir savaşın başlanması deməkdir. Ehtimal edirəm ki, yaxın günlərdə biz daha qanlı savaşın şahidi olacağıq və Türkiyənin Suriyada mövcudluğu, bir növ, Türkiyə üçün Vyetnama çevrilə bilər".

"Qərbin hazırladığı da bu plandır. Əgər İran, Rusiya və Türkiyə Suriya məsələsində razılığa gələ bilsə, Qərb dövlətləri buna qarşı çıxacaq. Ona görə bölgədə qarşıdurma daha da şiddətlənə bilər. Bu, tək Suriya üçün deyil, o cümlədən digər yaxın ərazilər üçün heç bir müsbət perspektiv vəd etmir", — Rəşidoğlu vurğulayıb.

Politoloqun qənaətincə, Türkiyənin uzunmüddətli müharibə aparmağa potensialı çatmaya bilər: "Bu baxımdan, artıq bufer zonasına nəzarəti əldə etdikdən sonra Türkiyə danışıqlar masasına oturmalı və birmənalı şəkildə əsassız Suriya tələbi irəli sürməli deyil. Çünki bu, Suriyanın öz daxili işidir. Türkiyə ona lazım olan bufer zonasını nəzarətə götürüb".

A.Rəşidoğlu düşünür ki, Membiçə doğru irəliləmək Türkiyəni tələyə sala bilər: "Türkiyə artıq manevr edərək bir qədər geri çəkilmək məcburiyyətindədir. Əgər bu təhlükə nəzərə alınmasa, Türkiyə üçün proseslər bir qədər ciddiləşə bilər".

Qeyd edək ki, Fransanın 60 nəfərlik ilk hərbi birləşməsi Suriyanın Ayn İsa bölgəsinə yerləşib. PKK-ya aid qərargah və nəqliyyat vasitələrində Fransa bayraqları ucaldılıb. Fransız əsgərlər ərazidə gün ərzində terrorçularla bir neçə dəfə patrul xidməti aparırlar.

Fransalı hərbçilərin gəlişi ilə eyni vaxtda PKK terrorçuları həmin bölgədə fəallaşıb. Bölgəyə gələn fransız hərbçiləri arasında digər ölkələrdən gətirilən muzdlu döyüşçülərin də olduğu bildirilir.

Xəbər lenti
0