CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küçədə yaşayan dörd övlad atası: "Dədəm hər gün bir zənbil pul qazanıb, amma..."

© Sputnik / Musa MuradlıRəşid kişi
Rəşid kişi - Sputnik Azərbaycan
Abunə olmaq
Rəşid kişiyə ürəyi yananlar da az deyil . Deyir ki, tanımadığı şəxs bayram axşamı ona plov gətirib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Onu yayın istisində də, qışın soyuğunda da küçədə görmək olar. Bərdənin Poçt və Statistika İdarəsinin qarşısında məskunlaşıb. Halına acımamaq isə mümkün deyil. Axı o da insandır, bu ölkənin vətəndaşıdır, onun da bir damın altında yaşamaq, yatmaq haqqı var…

Təəssüf ki, hər kəs onun yanından sakitcə ötüb keçir. Vəzifəlilər də, vəzifəsizlər də. Məhz bu məsələyə aidiyyəti olan şəxslər də. Ancaq nədənsə bu ahıla indiyə qədər yardım göstərən olmayıb. Hətta küçədəki bu mənzərədən ovqatı təlx olanlar belə, biganə yanaşıblar ona.

Haqqında danışdığımız ahılın adı Rəşiddir. Deyir ki, yaşamağa ev tapmır: "Buralarda günümü keçirirəm. Ucuz qiymətə kirayə ev də tapmıram ki, gedib yaşayım. Yaxınlıqdakı paltar satılan mağazaların qabağında eyvan var. Mağaza sahibləri özləri deyiblər ki, "gəl, gecələri burda yat". Gecələri orda yatıram".

© Sputnik / Musa MuradlıRəşid kişinin evi buradır — Bərdənin mərkəzi küçələrindər biri
Rəşid kişinin evi buradır — Bərdənin mərkəzi küçələrindər biri - Sputnik Azərbaycan
Rəşid kişinin evi buradır — Bərdənin mərkəzi küçələrindər biri

Dörd övlad atası olan Rəşid kişi bu acınacaqlı vəziyyətə düşməsinin səbəblərini danışır. Bildirir ki, Bərdənin Əyricə kəndində yeddi yaşında qızı olan bir dul qadınla evlənib. Bu nikahdan dörd uşaqları dünyaya gəlib. Evləndiyi qadının xasiyyətinin dözülməz olmasına baxmayaraq, övladlarının qız olduğuna görə onları atıb getməyib.

"İki qızım olduğuna görə fikirləşdim ki, onları atıb getmək kişilikdən deyil, ona görə də onlara bağlanıb qaldım. Bərdə şəhəri, Axundov küçəsində olan evimi də satıb onlara yedizdirdim" — deyir həmsöhbətimiz.

Rəşid kişinin iki qızı, iki oğlu var. Qızı Rəna artıq ailəlidir. Ancaq o, qızının qurduğu ailədən də, onun həyat yoldaşından da narazıdır. Buna görə də qızın anasını günahkar sayır.

Küçələri özünə məskən etmiş ahıl ev-eşiyini verdiyi böyük oğlu Asəflə də küsülü olduğunu bildirir.

O, ikinci qızının isə Bakıda yaşadığını deyir: "Özünə görə dolanışığı var. Dövlət idarələrinin birində xadimədir. Aylıq məvacibi 300 manatdır. Asəf qızımı evdən çıxartmağa görə arvadının qohumlarından birinə ərə verib. Övladı yoxdur. Oğlan Çernobıl əlili olduğuna görə qızımın uşağı ana bətnindən ölü doğulub. Ondan sonra həkimlər bildiriblər ki, onların heç vaxt salamat uşağı doğulmayacaq".

Rəşid kişinin bildirdiyinə görə, atası var-dövlətli kişi olub. Ancaq sərvətindən oğluna miras qoymayıb: "Dədəm SSRİ-Almaniya müharibəsində yun-dəri tədarükündə işləyib. Hər gün zənbil ilə pul götürüb. Amma ağlı olmayıb, olsaydı, bir kisə qızıldan, heç olmasa, 3 kilosunu mənə verərdi. Deyərdi ki, "Bala, mən öləndən sonra analıq sənə heç nə verməyəcək. Bunu aparıb bir yerdə gizlət, lazımın olar". Amma eləmədi. Ağılsızlıqda elə mən də ona oxşamışam".

"Qohumdan və ya qeyri-qohumdan heç bir kömək gözləmirəm daha. Elə deyirlər ki, mənə kirayə ev tapacaqlar, amma ortada nəticə yoxdur" — deyən Rəşid kişi artıq qohumlardan da "əlini üzüb".

Həmsöhbətimiz Rayon İcra Hakimiyyətinə də müraciət etmir, deyir ki, verəcəkləri cavabı əvvəlcədən bilir: "20 il hərbi komissarlıqda zabitlərlə işləmişəm. Mənə deyəcəklər ki, "Ailən yox, uşağın yox. Sənin nəyinə lazımdır ev. Get, harada yaşayırsan, yaşa. Dul arvad tap, gir evinə". Kim məni qəbul edər? Ona görə də getmərəm. Aldığım 178 manat təqaüdlə başımın çarəsinə baxıram".

Rəşid kişi ahıllar evinə də getmək istəmir. Deyir ki, bu barədə ona çox təkliflər olunub, amma razılaşmayıb: "Bir avtobus sürücüsü vardı, Dəli Behbud deyirdilər. Keçmiş icra başçılarından biri onu aldadıb Qızıl Qumdakı ahıllar evinə göndərmişdi. Bir ay qalmadı heç orda, tez qayıtdı. Mənə də dedi ki, "Rəşid, get çöllərdə, yollarda öl, ancaq elə yerlərə getmə".

Küçələrdə yatıb-duran bu ahıla ürəyi yananlar da az deyil. Deyir ki, tanıdığı, tanımadığı adamlar onun üçün bayram payı gətiriblər: "Bayram axşamı buradaca oturmuşdum, tanımadığım birisi mənə aş gətirdi. Alma, armud, konfet veriblər. Tanıyan adamlar isə həmişə payımı ayırırlar".

Evsiz-eşiksiz olsa da, təmizliyindən qalmır Rəşid kişi. Pul verib hamama gedir, yuyunur, üz-başını təmizləyir, paltarlarını yuyur. Tək istəyi ucuz qiymətə kirayə mənzil tapmaqdır: "50 manata kirayə ev tapsam, gedib qalaram, rahatlaşaram bir az".

Həyatı küçələrdə keçən Rəşid kişinin düşdüyü bu vəziyyət nə onun ailəsinə, nə qohumlarına, nə də cəmiyyətimizə başucalığı gətirmir. Arzulardıq ki, tezliklə bu vəziyyətdən bir çıxış yolu tapılsın. Ya səlahiyyətli, ya da imkanlı şəxslərdən kimsə bu adama yardım əlini uzatsın, qayğı göstərsin.

Xəbər lenti
0