BAKI, 5 aprel — Sputnik. Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Ri Yon-ho Azərbaycana səfərə gəlib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev Ri Yon-ho ilə görüşüb.
Bu gün prezident İlham Əliyev, həmçinin Serbiya Respublikası baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Dacic və Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat ilə görüşüb.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir.
Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir.
Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.