Bakı, 5 aprel — Sputnik. Bu gün Bakı Konqres Mərkəzində "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir. Açılış mərasimində nitq söyləyən Prezidenti İlham Əliyev bir sıra məsələlərdən danışdı.
Əvvəlcə Qoşulmama Hərəkatının məramı barədə qısa məlumat verən Dövlət başçısı qeyd etdi ki, bu Hərəkat dünyada sülhün qorunmasında mühüm rol oynayır və Azərbaycan bu hərəkatın yeni üzvüdür: "2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən dəstək veriblər".
Qoşulmama Hərəkatının üzvlərinə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərinə görə təşəkkür edən Prezident Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü barədə məlumat verdi: "İyirmi ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi".
Ölkə başçısı erməni işğalının bu günə qədər davam etdiyini təəssüflə vurğuladı: "Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yeninə yetirilməyib. Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul edilməyib".
"İşğal olunmuş ərazilərdə hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər. Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır. Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub", — Prezident vurğuladı.
Prezident qeyd etdi ki, Ermənistan monoetnik ölkədir, orada digər xalqlara, xüsusilə etnik azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Azərbaycanda isə əsrlər boyu müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb: "Azərbaycan həmişə mültikultural ölkə olub. Eyni zamanda Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək".
Azərbaycanın öz tarixi ilə fəxr etdiyini deyən Prezident 100 il əvvəl qurulmuş ADR-in qadınlara kişilərlə bərabər verdiyi hüquqları xatırlatdı. Bu gün Azərbaycanın demokratiyanın bu dəyərlərini davam etdirdiyini vurğuladı: "100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verib. Bu, 100 il əvvəl azadlığın yüksək səviyyəsi idi. Biz 26 ildir, müstəqilik. Lakin müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklər ilə üzləşmişdik. İqtisadi müstəqillik önəmlidir. Ona görə də biz iqtisadi inkişafa önəm verdik".
"Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir. Bizim iqtisadiyyatımız ötən 15 ildə 3 dəfədən çox artıb. Biz insan kapitalının inkişafını da diqqət mərkəzində saxlayırıq. Çoxlu məktəb, xəstəxana tikilib. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı, sağlamlığı dayanıb. Biz insanlarımız üçün yaxşı həyat şəraiti təmin etmək üçün bütün tədbirləri görürük", — Dövlət başçısı dedi.
Əlavə edək ki, Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir.
Onu da qeyd edək ki, Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.