Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 4 aprel – Sputnik. Lənkəran sakini evdə ölü halda aşkarlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, rayonun Göyşaban kəndində 35 yaşlı Lənkəran sakini İlkin Bayramov müvəqqəti yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Belə ki, mərhum işdən qayıtdıqdan sonra qonşusu ilə söhbət edib. Sonra isə evə gedib çiməcəyini deyib. İ.Bayramovdan bir müddət xəbər tuta bilməyən qonşular qaldığı evin pəncərələrini sındırıb içəri daxil olublar. Orada isə hamamda İ.Bayramovun cəsədi ilə üzləşiblər. Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.
Bayramovun neyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə Təcili Yardım avtomobili ilə aparılaraq təhvil verilib. Mərhumun qonşuları bildiriblər ki, Bayramovun qaldığı hamamda tüstü bacası olmayıb və qazla işləyən suqızdırıcıdan istifadə edilib.