BAKI, 4 aprel — Sputnik. Baş nazirin müavini Abid Şərifov Bayıl sürüşmə zonasında uçan evlər üçün kompensasiyanın necə hesablanacağını açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, A.Şərifov Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiyanın yaxın 10 gün ərzində veriləcəyini söyləyib. Onun sözlərinə görə, kompensasiya hər ev üçün kvadrat/metrə uyğun hesablanacaq. Ancaq qiymətləndirmə "Sovetski"dəki kimi olmayacaq.
"Bayıl sürüşmə zonasında tikilən 97 ev sənədsiz, qanunsuzdur. İstənilən halda vəsait hər kvadrat/metr üçün hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz", – deyə o bildirib.
Şərifovun sözlərinə görə, sürüşmə zonalarında ev tikintisi qəti qadağan olunub: "Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib. İstər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tapşırılıb ki, sürüşmə zonalarında tikinti aparmaq olmaz, bu, qəti qadağandır. Nəticəsi də göz qarşısındadır. Bayıl zonasında tikinti aparmaq olmaz".