İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 4 aprel — Sputnik. Qəbələdə dəhşətli faktın üstü açılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ rayonunun Tikanlı kəndində itkin düşmüş şəxsin öz arvadı tərəfindən öldürüldüyü məlum olub.
Kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalar nəticəsində müdhiş fakt ortaya çıxıb.
Bəlli olub ki, bu il martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib. Hadisə yerində D.Rəfiyevin qardaşı Vüsal da olub.
Mübahisə zamanı V.Məmmədşərifova Vüsal Fəriyevlə birləşib və D.Rəfiyevin başını daşla əzərək onu qətlə yetiriblər. Sonra onlar cəsədi həyətdəki tualet quyusuna atıblar.
Hadisəni törətməkdə təqsirləndirilən hər iki şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, müvafiq araşdırmalar aparılır. D.Rəfiyevin meyiti isə atıldığı yerdən çıxarılıb.