BAKI, 3 aprel — Sputnik. Rusiyanın məşhur teleaparıcısı Leonid Yakuboviç Birinci kanalda yayımlanan populyar "Möcüzələr meydanı" (Pole çudes) oyununu Bakıda çəkmək niyyətindədir.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə Moskva-Bakının YouTube kanalına açıqlamasında bildirib.
Yakuboviçin sözlərinə görə, dəfələrlə Bakıya gəlib və Bakıya hər səfəri, şəhərin görməli yerləri onda fövqəladə təəssüratlar yaradıb.
"Mənə təsir edən ilk şey şəhidlərin dəfn edildiyi və memorialın yerləşdiyi fenomenal Şəhidlər Xiyabanı parkıdır. Mən hətta təsəvvür belə edə bilməzdim ki, postsovet məkanında belə bir yer var. Bu adi "qəbiristanlıq" deyil, müasir parkdır. Orada analar uşaqları ilə gəzişir. Baxın, burada görkəmli insanların məzarları var. Bu, yüz dəfə hansısa abidənin qarşısında dayanıb onun haqqında danışmaqdan güclü təsir edir. Burada məzar var, o, təbiətin qoynunda, açıq səmanın, günəşin altında, çiçəkli ağacların arasındadır. Onları uşaqlara göstərib deyirlər ki, bax, bu filankəsdir, filan hadisə nəticəsində həlak olub. Belə şeylər uşaqlara çox güclü təsir edir və yaddaşında yaxşı qalır" – deyə Yakuboviç bildirib.
Onu həmçinin Xəzərin Bakı sahilləri valeh edib. O, hətta bakılılara, onların evlərinə, buradakı binaların hər bir detalından gələn gözəlliyə həsəd apardığını qeyd edib.
"Aydın məsələdir ki, evlər adi qaydada tikilib. Amma sanki o rəsmləri ora yapışdırıblar. Krem rəngli binalar həmin rəsmlərlə birlikdə bayram əhval-ruhiyyəsi yaradır. Şəhərin ecazkar gözəlliyi var. Burada çox gözəl binalar tikilir. Görünür, kimsə çox gözəl zövqlə şəhərsalma ilə məşğul olur. Uşaqlar burada böyüyürlər və dayanıb baxırlar ki, ən gözəl qadın anamdır, ən güclü kişi atamdır, ən gözəl şəhər Bakıdır" – deyə Yakuboviç bildirib.
Yakuboviçin sözlərinə görə, hazırda onda belə bir ideya var ki, "Möcüzələr meydanı"nın bir neçə milli proqramını hazırlasın. Bu proqram həm Azərbaycanı, həm də Qazaxıstanı, Litvanı və digər ölkələri əhatə eləsin:
Yakuboviç Lənkərana da getdiyini, orada çay plantasiyasında olduğunu bildirib. Buranın mətbəxinə, yeməklərinə heyran qalıb.
"Necə qonaqpərvər adamları var, necə əliaçıqdırlar, necə hörmətcildirlər, necə əla bazarları var, necə dadlı yeməkləri var?! Mən çox valeh oldum" – deyən Yakuboviç bu şəhərin çox hərarətli olduğunu və çox yaxşı adamlarının olduğunu dilə gətirib.
Leonid Yakuboviç dəfələrlə Bakıda olub. Bakılılar isə dəfələrlə onun "Möcüzələr meydanı" verilişində qonaq qismində iştirak ediblər. Yakuboviç özü isə verilişinin sponsorlarından biri olan "Azərçay"ın reklamına çəkilib.