BAKI, 3 aprel — Sputnik. Rusiyada ABŞ-ın diplomatik nümayəndələrinin sayının azalması viza xidmətlərinin təmin edilməsinə ciddi təsir edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Moskvadakı Amerika səfirliyinin nümayəndəsi Andrea Kalan məlumat verib. Onun sözlərinə görə, ABŞ qanunlarına görə, viza üçün müraciət edənlərin əksəriyyəti ilə konsulluq əməkdaşları işləməli, onlarla müsahibələr aparmalıdır.
Ancaq Sankt-Peterburqdakı mərkəzi konsulluq bağlandığına görə, bu imkanlar əhəmiyyətli dərəcədə azalıb. Turistik kompaniyalardan verilən məlumata görə, hazırda yeganə problem vizaların verilməsinin gecikdirilməsidir və onların verilməsinin müvəqqəti olaraq dayandırılmasından söhbət belə gedə bilməz.
Xatırladaq ki, Vaşinqton Rusiyanın 60 diplomatını "arzuolunmaz şəxs" elan edib və Rusiyanın Sietldəki Baş Konsulluğunu bağlayıb. Moskva buna adekvat cavab verərək 60 amerikalı diplomatı qovub və Sankt-Peterburqdakı ABŞ Baş Konsulluğunu bağlayıb. Diplomatlara ölkəni tərk etmək üçün aprelin 5-nə qədər vaxt qoyulub.