BAKI, 3 aprel — Sputnik. 2018-ci il üçün tədbirlər planına əsasən, mart ayında Müdafiə Nazirliyi (MN) dövlət qurumları, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai birliklər ilə birgə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.
Bu barədə Sputnik Azərbaycan-ın, Müdafiə Nazirliyi ilə ictimaiyyət arasında mart ayı ərzində görülən fəaliyyətlərə dair sorğusuna cavab olaraq MN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Tərtər, Ağcəbədi, Xocavənd, Şəmkir, Daşkəsən, Qusar, Abşeron, Qubadlı, Cəbrayıl, eləcə də Bakının Səbail, Nəsimi və Qaradağ rayonları icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik, Novruz bayramı münasibətilə, eləcə də Azərbaycanlıların soyqırımı və digər mövzularda 30-dək tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.
"Təşkil olunan tədbirlərdə şəxsi heyət, veteranlar, şəhid ailələrin üzvləri, hərbi qulluqçuların valideynləri, tələbələr və başqaları yaxından iştirak ediblər. Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə mart ayında Müdafiə Nazirliyi tərəfindən 123 rəsmi məlumat, 417 foto, 18 videomaterial hazırlanıb və media nümayəndələrinin 3 sualı cavablandırılıb. Yerli televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılmasına 7 icazə məktubu verilib. Hesabat dövründə Müdafiə Nazirliyi tərəfindən keçirilən 2 tədbirdə də televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər" — deyə nazirlikdən əlavə olunub.