Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həyəcan siqnalına cavab: Abşeronda təhlükənin qarşısı alındı

© Sputnik / Irade JELILMasazırda duz gölü daşıb
Masazırda duz gölü daşıb - Sputnik Azərbaycan
Abunə olmaq
Aidiyyatı qurumlar suyun yolu tam basmasının qarşısını alıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisindəki Duz gölü əhalinin istifadəsi üçün açıq idi. Yəni insanlar müalicə məqsədilə ilə gölə üz tutur, onun duzundan və suyundan istifadə edirdilər.

Masazır duz gölü daşır - Sputnik Azərbaycan
HADİSƏ
Masazırda həyəcan təbili

2010-cu ildə bu ərazidə Duz zavodu inşa edildi və zamanla Duz gölünün ətrafı hasara alındı. Hasarların qarşısına isə Duz gölünə girişin qadağan edilməsinə dair lövhələr vuruldu. Bu hadisə başlanğıcda ətrafda yaşayan və müalicə məqsədilə gölə üz tutan insanlar tərəfindən narazılıqla qarşılansa da, get-gedə sakinlər taleləri ilə barışmalı oldular.

Dünən günorta saatlarından başlayaraq isə Masazır Duz gölündə suyun səviyyəsi artaraq yolu basıb. Yolu suyun basması avtomobillərin hərəkətində də problemlər yaradıb.

Taksi sürücü Anar Əhmədovun Sputnik Azərbaycan-a danışdığına görə, su basan ərazidə yolun digər tərəfinin bir hissəsində hərəkət yeni tikinti ilə əlaqədar olaraq məhdudlaşdırılıb. Buna görə də, avtomobillərin hərəkətində problem müşahidə edilir.

"Su basma, əsasən günün ikinci yarısında artıb. Bütün yol xəttini su basmışdı. Hərə bir söz deyir. Bəzisi deyir ki, kanalizasiya suyu axıdıldığına görə göl daşır. Bəzilərinin fikrincə isə, gölün içindən yol çəkildiyinə görə göl kiçilib və daşıb", — deyə sürücü bildirib.

Yerli sakinlərin sözlərinə görə isə, təxminən 4-5 il əvvəl gölün kənarında dəmir barmaqlılar olmayıb. O vaxtlar gölün içində yol da çəkilməyib. Sonradan isə göl zavoda verilib.

Ərazi sakini Səbirə Əliyevanın dediyinə görə, göldə ara-sıra daşmalar baş verib. Amma bu dərəcədə olmayıb: "Yaxınlıqda yeni binalar da tikilir. Məncə, gölə kanalizasiya suları axıdıldığı üçün daşır. Bir də, gölün içərisindən bir hissə qurudulub. Bu da daşmaya səbəb ola bilər. Ancaq düşünürəm ki, bu gölü tamamilə qurutmaq mümkün deyil. Burada qurudulsa belə, haradansa su vurub çıxacaq".

© Sputnik / Irade JELILMasazırda duz gölü daşıb
Masazırda duz gölü daşıb - Sputnik Azərbaycan
Masazırda duz gölü daşıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Masazır Duz gölünün daşması hava şəraiti ilə əlaqəli olub: "Dünən siz məlumat verdikdən sonra əməkdaşlarımız ərazidə olub. Həmin ərazidə yolun səviyyəsi aşağıdır. Küləklə əlaqəli su ləpələnir və yolu basır".

"Ərazidə kənardan su gəlsin, dolsun, suyun səviyyəsi qalxsın — bununla əlaqəli deyil. Belə hallar müşahidə edilməyib. Yol su səviyyəsindən 10-12 sm hündür olanda, ləpə 40-50 sm olanda qalxıb yolu basır", — deyə Qaralov əlavə edib.

ETSN rəsmisi gölə kanalizasiya sularının axıdılması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: "Ərazidə olan "Badam Villa" və qaçqınların yaşadığı binaların kanalizasiya sistemləri mövcud olduğu üçün həmin yaşayış komplekslərindən gölə su axıdılmır".

Bu gün yerli sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, dünən axşam saatlarında aidiyyatı qurumlar suyun yolu tam basmasının qarşısını alıb.

Xəbər lenti
0