BAKI, 3 aprel — Sputnik. "İnsanların daha çox qaldırdığı məsələ kreditlərlə bağlıdır və bu, ciddi araşdırılmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, insanların nə üçün kredit götürdükləri məsələsi araşdırılmalıdır: "Burada hesabat verilsin ki, nə qədər insan maşın almaq üçün kredit götürüb? Nə qədər insan krediti fermer təsərrüfatı üçün götürüb? Bunlar araşdırılmalıdır".
"Biri özünə maşın almaq üçün götürübsə, gedib kreditini ödəsin. Bəziləri yas mərasimi təşkil etmək üçün kredit götürüb. Bu insanlar nəzərə alınmalıdır. Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır. Bu kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb, amma, problemlərin həlli ilə bağlı bir iş yoxdur" — deputat vurğulayıb.
Millət vəkili qeyd edib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qanun qəbul edilsə də, nəticə yoxdur: "İndiyədək bu sahədə dəyişiklik yoxdur. Həmin məntəqələrdə 3-9 min nəfər çalışırdı və evinə çörək aparırdı. Bu biznesi də kimsə inhisara alıb. Buna aydınlıq gətirilməlidir".