BAKI, 3 aprel — Sputnik. “Xaricdə yaşayan bəzi azərbaycanlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar. Azərbaycanın Fransadakı səfirliyi qarşısında aksiya keçirirlər. Amma bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər. Almaniyada da bu cür əməllər törədirlər”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Millət vəkili bildirib ki, vətənə, xalqa müxalif olmaq olmaz: “Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidirlər”.
S.Novruzov bildirib ki, xaricdə Azərbaycana qarşı iş aparan bəzi insanlar ölkədə olanda heç bir siyasi partiyada təmsil olunmayıblar, heç bir mətbu orqanda çalışmayıblar: “Bunlar necə olur ki, mühacir statusu alırlar?”.