Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 1 aprel— Sputnik. Respublikanın şimal-qərb bölgəsində müşahidə olunan güclü yağış və külək iri ağacların gövdəsini yarıdan qoparıb, bəzilərini isə kökündən çıxarıb. 1 sutkaya yaxın elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Yerli fermer Vüqar Abdullayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, güclü külək və temperaturun aşağı düşməsi tozlanma prosesinə mənfi təsir edir: “Havaların şıltaq keçməsi əsasən şaftalı, ərik, gilas ağaclarının çiçəklərinə zərərlidir. Havalar belə davam etsə, məhsuldarlığın aşağı olacağı qaçılmazdır”.
Güclü külək Balakən-Zaqatala ərazilərinə, Qax rayonunun "Atağar meşəsi" adlanan əraziyə və başqa ərazilərə də ziyan vurub. Fındıq, palıd, çinar və s. ağacların kökündən yıxılmasına səbəb olub. Bundan başqa, güclü leysan şimal-qərb bölgəsinin bəzi ərazilərində fərdi yaşayış evlərinin və həyətyanı sahələrin su altında qalmasına səbəb olub.
Qeyd edək ki, güclü külək fəsadlar törətsə də xəsarət alan olmayıb.