İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 1 aprel — Sputnik. Deyirlər ki, insanın həyatı öz əlindədir. Amma çox zaman bu, deyildiyi kimi olmur. Həyat səni istədiyi səmtə atır. Çarpışsan da, vuruşsan da çıxış yolu tapa bilmirsən. Bəzən səni tənha buraxdıqları üçün səbəbkarları qınayırsan, bəzən də tənhalığına səbəb özünü görürsən.
Elə mənim qəhrəmanım kimi…
31 yaşlı Məhəmməd Əzimov Bilgəh qəsəbəsindəki uşaq evində böyüyüb. İllərin məngənəsində sıxılmış, sıxıldıqca da bərkimiş qəhrəmanımız uşaq evində keçirdiyi günləri belə xatırlayır: "İndi internatların vəziyyəti yaxşıdır. Amma biz olduğumuz 1993-94-cü illərdə çox kasıbçılıq, qıtlıq idi. Yarı qarnı ac, yarı qarnı tox böyüyürdük".
Məhəmməd deyir ki, müəllimlərinin də davranışları heç xoş olmayıb: "Onlar qız uşağı ilə oğlan arasında fərq görmürdülər, döyürdülər. 10 yaşlı qız uşağını kişi müəllimin döyməsi düzgün deyil. Orada isə belə cəzalara göz yumulur, hətta müəllimlər haqlı çıxarılırdı. İnternat illərindən yadımda qalan xoş bir an belə yoxdur".
Qəhrəmanım danışır ki, uşaq evində yuxarı siniflərlə müqayisədə balacaları çox döyürmüşlər. Qorxurmuşlar ki, gedərlər, qayıtmazlar. "Çox döyülmüşəm. Əsasən, azad həyata can atdığıma, oranı tərk etməyə görə döyülürdüm. Amma döyülmək də var, döyülmək. Yuxarı sinif şagirdinin siqaret çəkdiyinə görə döyülməsi, zirzəmiyə atılması, həşəratlar, gəmiricilərlə bir yerə saxlanılması insanlığa xas olan hərəkət deyildi".
"Günlərlə ac saxlayırdılar bizi. Yeməyimizdən də kəsirdilər. Dövlətin bizim üçün ayırdığı payın yarıdan azını bizə verirdilər. Qalanı satılırdı. Geyimlərimizi də dövlət versə də, cırıq-sökük, köhnə geyimlərlə gəzirdik. Anbarlar geyimlə dolub daşırdı. Amma bizə verilmirdir", — deyən Məhəmməd o əzablı günləri köks ötürərək xatırlayır.
Qəhrəmanım 2003-cü ildə internatı bitirib, işləməyə başlayıb. 2007-ci ildə hərbi xidmətə yollanana qədər kirayə yaşayıb. Hərbi xidmətini isə döyüş bölgəsində — Xocavənd rayonunda keçib. Hərbi xidməti başa vurduqdan sonra qayıdıb və yenidən işləməyə başlayıb.
2011-ci ildə ailə-uşaq sahibi olmaq üçün ailə həyatı qurur. Bu izdivacdan iki oğlu dünyaya gəlir.
2015-ci ildə isə etdiyi bir səhv ucbatından həyatı yenidən alt-üst olur. Məhəmməd həbsə düşür.
"Mən etməmişdim. Qrup şəklində oğurluq baş vermişdi. Hər şeyi öz üzərimə götürdüm. Mağazalardan kompüter oğurlanmışdı. Oğurluğu edən dostlarıma yazığım gəldi. Hər şeyi üzərimə götürdüm. Kasıb adamlar idilər, ailələri vardı. Onlardan keçə bilmədim", — deyə iddia edir.
Məhəmməd həbsdə olanda həyat yoldaşı uşaqlarını da götürüb atası evinə qayıdır. Bu ilin fevral ayında isə, yəni Məhəmməd həbsdən çıxandan sonra birbaşa ailəsinin, uşaqlarının yanına gedir. Ancaq indi yenə də onlardan ayrıdır: "Hələ ki, yaşayış yerim, işim yoxdur. Bir iş tapıb ailəmi yanıma gətirəcəyəm. İndi bir məqsədim var, iş tapıb ailəmə qovuşmaq".
Qəhrəmanımız indiyədək valideynlərini çox axtarıb, ancaq tapa bilməyib: "Bəzən düşünürəm ki, valideynlərim ölüb. Sağ olsaydılar, məni tək buraxmazdılar. Bunu uşaq evində olanda da düşünmüşəm. Atasız böyümək çətindir, dərdini paylaşamağa, arxalanmağa heç kimin olmur".
Danışdıqca gözləri dolub-boşalan Məhəmməd söhbətimizin sonunda deyir ki, heç vaxt atası kimi olmayacaq, uşaqlarını atmayacaq: "Əsla övladlarımı atmaram. Onları heç vaxt başsız, atasızlıq dərdiylə baş-başa qoymaram…"