BAKI, 31 mart — Sputnik. Roma Papası Fransisk ateist-jurnalist Eucinio Skalfari ilə söhbətində cəhənnəmin olduğunu inkar edib.
Sputnik Azərbaycan “La Repubblica”ya istinadla xəbər verir ki, papa müsahibəsində "cəhənnəm yoxdur, günahkar ruhların qeyb olması var" deyib: "Kim ki, tövbə edir, o, Allah tərəfindən bağışlanır. Kim ki, tövbə etmir, o, bağışlanmır, sadəcə itir. Amma cəhənnəm yoxdur".
Materialın dərcindən sonra Vatikandan bildirilib ki, Papa müsahibəyə icazə verməyib və əslində bu, Papanın sitatı deyil, jurnalistin özünün ümumi söhbətdən çıxardığı şəxsi mülahizəsidir.
Qeyd edək ki, cəhənnəmin varlığını inkar etmək katolik düşüncəsinə ziddir. Əhdi-Cədiddə cəhənnəm günahkarların əzab çəkən yeri kimi qeyd olunub.