BAKI, 31 mart — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi Milli Şura və Müsavat Partiyasının Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirdiyi birgə mitinqlə bağlı açıqlama yayıb.
İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
"Saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb" – məlumatda qeyd olunub.