BAKI, 31 mart — Sputnik. Müşahidə olunan güclü külək Bakının əsas girişində yol qəzalarına səbəb olub. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, qəzaya uğrayan avtomobillər əsasən yük maşınları olub.
Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində 3 yük maşını güclü küləyin yaratdığı təhlükəli vəziyyət səbəbindən idarəetmədən çıxaraq aşıb. Avtomaşınlardan ikisi qoşqulu yük maşınlarıdır. Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur. "Scania" və "Iveco" markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə ciddi maneə yaradıb.
"Hyundai" markalı digər yük maşını isə paytaxt istiqamətində hərəkət edən zaman aşıb və yolun kənarındakı dərəyə yuvarlanıb. Avtomaşının özəl şirkətlərdən birinə məxsus olduğu deyilir.
Bu qəzalar nəticəsində xəsarət alan olmasa da, küləyin gücünün daha da şiddətlənməsi səbəbindən onların aradan qaldırılması qeyri-mümkün olub.