BAKI, 30 mart — Sputnik. Bir müddət əvvəl İranda qəzaya uğramış Türkiyə təyyarəsində ölən 11 qadından birinin cəsədi hələ də tapılmayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, cəsədi tapılmayan pilot Beril Gəbəşin axtarışlarına yenidən başlanılacaq.
21 mart – 1 aprel tarixlərində İranda Novruz Bayramı olduğu üçün axtarış işlərinə ara verilib. Aprelin 2-dən isə axtarışlara yenidən başlanılacağı bildirilib.
Xatırladaq ki, Başaran Holdinqin sahibinin qızı Mina Başaran və 7 rəfiqəsinin Dubayda keçirdikləri "subaylığa vida" şənliyindən sonra Türkiyəyə qayıdarkən içində olduqları təyyarə qəzaya uğrayıb. Martın 11-də baş vermiş qəza ilə bağlı ilk hesabat hazırlanıb. Ərazidə araşdırma aparan Qəza Araşdırma və Təftiş Qurumu Mülki Aviasiya Baş İdarəsinin ekspertləri təyyarənin baxım və lisenziyalaşdırma mövzusunda hər hansı bir problem olmadığını bildirib. Aparılan araşdırmalara görə, təyyarənin ikinci pilotu Melike Force və stüardessa Eda Usludanın qanında spirt və toksik maddələr tapılmayıb.