BAKI, 29 mart — Sputnik. "Kemerovoda "Qış albalısı" Ticarət Mərkəzində kinozalın qapısını tamaşaçılardan biri bağlayıb". Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hadisədə 3 övladını, bacısını və həyat yoldaşını itirən Kemerovo sakini İqor Vostrikov məlumat verib. Şəhər sakini bu barədə sosial şəbəkədəki videomüraciətində deyib.
Vostrikovun sözlərinə görə, ticarət mərkəzindəki videomüşahidə kameralarına baxa bilib. Görüntülərdən məlum olub ki, əvvəlcə kinozalın bütün qapıları açıq olub.
"İnsanlar həqiqətən qaçıb, təkcə bizimkilər qalıb. Çünki orada uşaqlar üçün cizgi filmi göstərilirmiş. Onlar bir qədər yubanıb və çıxışa çatana qədər dəhlizdə güclü tüstü olub. Hansısa kişi qərara alıb ki, qapılar bağlansın və xilasetməni gözləsinlər. Ancaq bildiyiniz kimi xilasedicilər vaxtında yetişməyib", — deyə o qeyd edib.
Vostrikov deyib ki, qapıları bağlayan kişi xilas ola bilib.
Daha əvvəl də Vostrikovun ailəsinin olduğu kinozalda olan xəsarət alan qadınlardan biri qeyd etmişdi ki, binanın yandığını görən kişilər qapıları özləri bağlayıb.
"Seansın sonunda zalda işıqları da söndürüblər. Qapıları açanda tüstüdən heç nə görmək mümkün deyildi, güclü isti var idi və qışqırıq səsləri eşidilirdi. Heç bir xəbərdarlıq, həyəcan zəngi yox idi. Qaçmağa da yer yox idi. Kişilər qapını bağladı ki, içəri tüstü dolmasın. Hamı doşəməyə uzanıb, xilas edilməyi gözləyirdi. Zalın bütün qapıları bağlı idi. Ancaq isladılmış parça ilə nəfəs almaq olurdu", – deyə qadın öz "İnstagram" səhifəsində yazıb.
Qadının sözlərinə görə, valideynlər zaldan uşaqları huşunu itirməyə başlayanda çıxmağa başlayıblar. Nəticədə bəziləri əlavə çıxışdan çıxaraq xilas ola bilib. Ancaq əksəriyyəti kinozalda qalıb.
Xatırladaq ki, bazar günü Kemerovoda "Qış albalısı" Ticarət Mərkəzində baş verən yanğın zamanı 41-i uşaq olmaqla 64 nəfər ölüb, 79 nəfər xəsarət alıb.