BAKI, 27 mart — Sputnik. Kuzbassın vitse-qubernatoru Sergey Sivilev "Qış albalısı" ticarət mərkəzində baş verən faciə ilə bağlı şəhər sakinləri qarşısında diz çökərək üzr istəyib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Kemerovo şəhərinin baş meydanında bu gün səhərdən etibarən dinc mitinq davam edir.
Mitinqin başlanmasından 7 saat keçəndən sonra şəhər rəhbərliyi mitinqə toplaşanların dağılışmasını xahiş etsə də, mitinq iştirakçıları bundan imtina ediblər. Bundan sonra bələdiyyə rəhbərliyi tərəfindən mitinqçilərə verilən səsgücləndirici söndürülüb.
Sivilev mikrofonla danışmağa cəhd eləsə də, sonradan onun söndürüldüyünü görərək kütləyə birbaşa müraciət edib. "Mən sizdən üzr istəyirəm" — deyən Sivilev qəfildən düz çöküb. On saniyədən sonra o, ayağa qalxaraq deyib: "Rusiyada insanlar uzun müddət üzr istəyərkən diz çökürdü".
Vitse-qubernatorun bu addımını şəhər sakinləri alqışlayıblar. Sivilev, həmçinin məmurlar və ölənlərin qohumlarından ibarət komissiya yaratmağı təklif edib. Onun sözlərinə görə, komissiya araşdırmanın gedişində və ölənlərin xatirəsinin əbədiləşdirilməsində iştirak edəcək. Hazırda şəhər meydanına yüzlərlə sakin toplaşıb.
Kemerovodakı dördmərtəbəli ticarət mərkəzində yanğın bazar günü — martın 25-də baş verib. Yanğında 41-i uşaq olmaqla 64 nəfər faciəvi surətdə həlak olub. Hazırda 13 nəfər xəstəxanadadır. Onların çoxu dəm qazından zəhərlənib.
Prezident Vladimir Putin bu səhər Kemerovoya gedərək xatirə memorialına çiçək qoyub və faciənin baş verməsində günahı olanların cəzalandırılmasını tələb edib.