CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sakinlərini tərəddüddə saxlayan məsələyə aydınlıq gətirildi

Abunə olmaq
"Kompensasiya vətəndaşa görə yox, əmlaka görə verilir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Novruz bayramından öncə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıldakı sürüşmədən evləri zərər görmüş sakinlərlə görüşüb. Və görüş zamanı bildirib ki, evləri uçmuş, həmçinin zərər görmüş vətəndaşlara ailə tərkibinə görə kompensasiya veriləcək.

"Kompensasiya verilən zaman ailə üzvlərinin sayı nəzərə alınacaq və vəsait evlərin kvadratmetrinə görə deyil, adam sayına uyğun hesablanacaq. Kompensasiyanın ayrılması ilə bağlı müzakirələr davam edir və çalışırıq ki, veriləcək məbləğə vətəndaşlar ev ala bilsinlər" — Əzizov deyib.

Qeyd edək ki, əvvəlki illərdə də evləri sökülən vətəndaşlara kompensasiya ailə üzvlərinin sayına görə ödənilirdi. Sonradan bu, müəyyən problemlərin yaranmasına səbəb oldu və yeni qanunverciliyə əsasən, kompensasiya adambaşına deyil, mənzilin sahəsinə görə hesablanmağa başladı.

İndi əksər vətəndaşlarda sual yaranıb: Hansı səbəbdən onlara kompensasiya mənzillərinin sahəsinə görə deyil, ailə üzvlərinin sayına görə hesablanacaq? Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında sakinləri narahat edən bu sualı cavablandırıb.

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Ekspert əvvəlcə kompensasiyanın ailə tərkibinə görə hesablanmasının hansı səbəbdən ləğv edilməsinə aydınlıq gətirib: "Bu məsələ sonradan müəyyən narazılıqlar, ciddi problemlər yaratdı. Bunun əsas səbəblərindən biri də, məsələn, 30 kvadratmetrlik mənzildə 7-8 nəfərin qeydiyyatda olması idi. Bu kimi problemlərdən sonra adam sayına görə kompensasiya ödənişləri dayandırıldı. Sonradan kvadratmetrə görə kompensasiya ödənişinə keçildi".

R.Osmanlı qeyd edib ki, kompensasiya vətəndaşa görə yox, əmlaka görə verilir: "Hazırda müəyyən normativ hüquqi aktlar qəbul edilib. Kompensasiyaların ödənilməsi ilə bağlı ölkə prezidentinin fərmanı və digər normativ hüquqi aktlar var ki, kompensasiya ödənilməsi o hüquqi aktlarla tənzimlənir. Mövcud qanunvericiliyə və prezidentin fərmanına əsasən, vətəndaşlar mənzillərinin kvadratına görə kompensasiya almalıdırlar".

Ekspertin fikrincə, əgər vəziyyət dəyişərsə, gərək qanunda da dəyişiklik edilsin: "Bu da kifayət qədər vaxt aparan məsələdir və inanmıram ki, bu məsələ qəbul olunsun".

Müsahibimiz Bayıl ərazisindəki torpaqların hazırkı bazar qiymətlərindən də danışıb: "Bayıl qiymətinə görə kifayət qədər bahalı ərazidir. Ancaq qeyd etməliyəm ki, bəzi təbii fəlakətlər, müəyyən qərarların qəbulu qiymətlərə mənfi təsir göstərir. Hazırda Bayılda bəzi ərazilər var ki, orada torpağın sotu 120 min manata təklif edilir. Ancaq ucqar, dağlıq ərazilərdə qiymətlər bir qədər aşağıdır. Məsələn, ən ucqar ərazidə qiymətlər bir sot üçün 35-40 min manatdan başlayır".

Osmanlı vurğulayıb ki, çox zaman tikinti şirkətləri ilə sökülən evlərin sakinləri arasında qiymət narazılığı yaranır: "Məsələn, ərazidə evin kvadratı 3500 manata olduğu halda, sakinlərə 1500 manat təklif olunur. "Sovetski" şəhərin mərkəzi hesab edilir və orada yeni binalarda təmirsiz mənzillərin kvadratmetri 2000 manatdan başlayır. Amma həmin ərazilərdə vətəndaşlara kompensasiya 1500 manatdan verilir".

Ekspertin fikrincə, bu, bir qədər ədalətsiz yanaşmadır: "Çünki həmin ərazilərdə elə insanlar var ki, orada doğulublar, böyüyüblər, ömürləri boyu həmin ərazidə yaşayıblar. İndi heç bir arqument göstərmədən, sadəcə "mən belə istəyirəm" deyərək onları şəhər mərkəzindən uzaqlaşdırmaq, məsələn, Hövsana köçürmək ədalətsiz yanaşmadır".

Ekspert burada digər bir məsələyə də diqqət çəkib: "Belə ki, həmin ərazidə olan mənzil və fərdi yaşayış evlərinin əksəriyyəti mülkiyyət sənədi olmayan obyektlərdir və yaxud da qeydiyyat sənədləri var, amma fiziki cəhətdən tam aşınmaya məruz qalıb. Artıq orada yaşamaq üçün nə fiziki, nə digər imkanlar qalıb. Buna baxmayaraq, nəyəsə görə insanlar hələ də orada yaşamağa davam edirlər".

"Bu məsələnin mənəvi və iqtisadi tərəfləri var. İqtisadi baxımdan yanaşsaq, hesab edirəm ki, hər bir obyekt üçün fərdi qaydada qiymətləndirmə aparılmalıdır. Tutaq ki, adam ərazidə özünə 3 mərtəbəli yaşayış evi tikib, onun da evinə kvadratmetrı görə 1500 manat vermək və ya ötən əsrdən qalmış, fiziki cəhətdən yaşamaq şərtlərinə cavab verməyən evdə yaşayana da 1500 manat vermək düzgün deyil", — deyə ekspert vurğulayıb.

Sonda bir məsələni də qeyd edək ki, belə vəziyyətlə qarşılaşan vətəndaşın hazırda şikayət edə biləcəyi qurum, təəssüf ki, yoxdur.

Xəbər lenti
0