BAKI, 29 mart — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 31 mart azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş konfrans keçirib. Sputnik Azərbaycan xəbər verir ki, konfransı Şura Katibliyinin icraçı direktoru Fəsarət Qurbanov açıb. O, bu günün Azərbaycan tarixində dərin iz buraxdığını qeyd edib.
Daha sonra tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov çıxış edib. O, Bakı və Gəncədə azərbaycanlıların soyqırımı haqqında tarixi faktlar ilə konfrans iştirakçılarını tanış edib. Əlavə edib ki, Azərbaycan xalqının başına gələn ən böyük faciələrdən biri mart soyqırımıdır.
Digər çıxışçı, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə xalqımızın bu tarixi unutmamalı olduğunu diqqətə çatdırıb: "Dünyada tariximizi tanıtmalı, Azərbaycan xalqının başına gələn faciə haqqında hər kəsi məlumatlandırmalıyıq. Bu, bizim vətəndaş kimi borcumuzdur. Eyni zamanda, gələcək nəsilləri də maarifləndirməliyik ki, tariximiz unudulmasın".
Sonda konfrans iştirakçıları arasında müzakirə aparılıb. İştirakçılar 31 mart soyqırımı haqqında fikirlərini səsləndiriblər. QHT rəhbərləri bu məsələni gündəmdə saxlamağı və bu yöndə işlər görməyi dəstəklədiklərini bildiriblər.