BAKI, 28 mart — Sputnik. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF & Associates" təşkilatı ilə birgə, 11 aprel 2018-ci il prezident seçkiləri zamanı keçiriləcək exit-poll öncəsi sosioloji rəy sorğusunun nəticələrini təqdim edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, sorğunun nəticələrini açıqlayan "AJF & Associates" təşkilatının sədri Corc Braun bildirib ki, sorğu Azərbaycanın müxtəlif bölgələrində keçirilib.
"Sorğuda 1500 nəfər iştirak edib. Sorğuda əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi, ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət, siyasi fəallıq səviyyəsi öyrənilib. Rəyi soruşulanların 82,9%-i mövcud hakimiyyətin fəaliyyətindən razı olduğunu qeyd edib" — deyə C.Braun bildirib.
Onun sözlərinə görə, hazırkı prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş exit-pollun nəticəsi onu deməyə əsas verir ki, əhali İlham Əliyevin fəaliyyətinə inanır və seçkilərə hazırlıq həm hakimiyyət, həm də əhali tərəfindən qənaətbəxşdir.