BAKI, 28 mart — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub. Sputnik Azərbaycan sechki-2018.az saytına istinadən xəbər verir ki, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.
M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Onun sözlərinə görə, məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir.
"Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki məntəqələrinin artıq 20 faizində — 1000 seçki məntəqəsində kamera quraşdırılıb. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir. Seçki günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər" — MSK sədri vurğulayıb.