BAKI, 27 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin 60-dan çox insanın həlak olduğu Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində baş verən yanğınla bağlı açıqlama verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla bildirir ki, dövlət başçısı faciənin baş verməsində günahı olan vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə həvalə edib.
"Bizdə nə baş verir? Axı bu, hərbi fəaliyyət, yaxud şaxtaya gözlənilmədən metan qazının sızması deyil. Adamlar, uşaqlar istirahət etməyə gəlib. Biz demoqrafiyadan danışırıq, lakin bu qədər insanımızı itiririk. Axı niyə? Cinayətkar səhlənkarlıq, diqqətsizlik ucbatından", — deyə Putin Kemerovo şəhərində yanğınla bağlı keçirilən toplantı zamanı bildirib.
"Pulsuz arayış almaq mümkün deyil, amma pulla kim nə istəsə, yazır", — deyə Putin əlavə edib.
Bastrıkin isə öz növbəsində bildirib ki, hazırda yanğının araşdırılmasına dair istintaq çərçivəsində çox sayda sənəd və materiallar nəzərdən keçirilir.
Rusiya prezidenti Vladimir Putin bu gün səhər Kemerovo şəhərinə gedib və dərhal yanğınını baş verdiyi ticarət mərkəzinə baş çəkərək binanın qarşısındakı xatirə memorialına gül dəstəsi qoyub.
Qeyd edək ki, Kemerovodakı dördmərtəbəli ticarət mərkəzində yanğın bazar günü — martın 25-də baş verib. Yanğında azı səkkizi uşaq olmaqla 64 nəfər faciəvi surətdə həlak olub. Hazırda 13 nəfər xəstəxanadadır. Onların çoxu dəm qazından zəhərlənib.