BAKI, 26 mart — Sputnik. Türkiyə ordusu və müxalif Azad Suriya Ordusunun növbəti hədəfi Suriyanın Tel-Rifat bölgəsidir.
Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan deyib ki, qısa müddətdə Tel-Rifat nəzarət altına alınaraq əməliyyat hədəfinə çatdırılacaq.
Türkiyə prezidenti qeyd edib ki, Afrində keçirilən əməliyyatda ümumilikdə 3740 terrorçu zərərsizləşdirilib.
Samsunda çıxış edən dövlət başçısının sözlərinə görə, Suriyanın bütün oyunçularının hədəfi və taktikası region sakinlərinə məlumdur. Prezident qeyd edib ki, Türkiyə Suriyanın bir sıra rayonlarının sakinlərinin çağırışlarını cavabsız qoymayacaq.
Bununla yanaşı, Ərdoğan vurğulayıb ki, heç kimin Türkiyənin Suriyanı işğal etdiyini bildirməyə haqqı yoxdur. "Məhz Qərb bütün tarix boyu özünü işğalçı və təcavüzkar kimi göstərib" — deyə Türkiyə dövlətinin rəhbəri bildirib.
Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Dünən Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və müxalif Azad Suriya Ordusunun PYD/YPG terrorçularını bölgədən qovmasının istəyiblər.