BAKI, 25 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Bərdə rayonunda səfərdədir.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.
Prezident İlham Əliyevə məlumat verilib ki, ötən il fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb.
Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub. Diqqətə çatdırılıb ki, təsərrüfatda 25 işçi çalışır.
Azərbaycan prezidenti pambıqçılarla görüşüb. Pambıqçı Sədaqət Ağayeva ölkəmizdə bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçısı görüşdə çıxış edib.
Sonra səpin işlərinə başlanılıb. Daha sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxıb. Məlumat verilib ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün "Azərpambıq" MMC ilə müqavilə imzalanıb.
Azərbaycan prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov prezident İlham Əliyevə məlumat verib ki, Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib.
Prezident İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Dövlət başçısı Yeni Daşkənd-Umudalılar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.