BAKI, 24 mart — Sputnik. ABŞ rəhbərliyi kiberhücumlarda ittiham etdiyi İranın Mabna İnstitutunu və 10 vətəndaşını sanksiya siyahısına əlavə edib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi məsələ ilə əlaqədar açıqlama yayıb.
Açıqlamada deyilir ki, aralarında Amerika universitetlərinin də olduğu yüzlərlə təhsil müəssisəsi və media şirkətinə qarşı keçirilən kiberhücumlar zamanı məxfi məlumatlar oğurlanıb. Amma hücum siyasi deyil, maddi məqsəd daşıyıb. Hücum səbəbindən 10 İran vətəndaşına və 1 təşkilata sanksiya tətbiq olunacağı bildirilib.
Mabna İnstitutunun digər ölkələrdəki universitetlərdən də məlumat oğurluğu etdiyi irəli sürülüb. Bu ölkələrə Türkiyə, Avstraliya, Kanada, Çin, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Malayziya, Niderland və s. daxildir.
ABŞ maliyyə nazirinin müavini Siqal Mandelker bildirib ki, İran ABŞ və tərəfdaşlarına qarşı pis niyyətli kiberəməliyyatlar aparır. İran İnqilab Keşikçiləri Ordusu kiberhücumlar üçün yüzlərlə universitetin sisteminə məlumat oğurlamaq məqsədilə gizlicə girən Mabna İnstitutundan istifadə edib.