Bakı, 23 mart — Sputnik. Ağız boşluğu gigiyenası, xarab dişlərin vaxtında müalicəsi insan sağlamlığında böyük rol oynayır.
Xarab dişlər orqanizmdə xroniki iltihab ocağı yaradır ki, bu da immun sistemini zəiflədir. Xarab dişlərdə olan çoxsaylı patogen mikroblar müxtəlif orqan və sistemlərinə yayıla bilər. Sübut olunub ki, kariesli dişlər mədə-bağırsaq, ürək-damar sistemi xəstəliklərinin riskini artırır.
Sputnik Azərbaycan saglamolun.az-a istinadla xəbər verir ki, araşdırmanın nəticələrinə görə, xarab dişlər, həmçinin şəkərli diabet xəstəliyinin riskini də artırır.
Araşdırma zamanı 10 000-ə yaxın insanın sağlamlıq haqqında məlumatları təhlil olunub. Beləliklə, ağız boşluğunun gigiyenası və kariesin vaxtı-vaxtında müalicəsi insanı bir çox ciddi xəstəliklərdən qoruya bilər.
Mütəxəssislər ildə 2 dəfə stomatoloqların profilaktik müayinələrindən keçməyi tövsiyə edirlər.