CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On barmağında on hünər olan zaqatalalı Xanım

© Sputnik / Shahperi AbbasovaXanım Həsənova
Xanım Həsənova - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün bunlarla yanaşı, Xanım Həsənova həm də oyma sənəti ilə məşğuldur, üstəlik dərzi kimi də fəaliyyət göstərir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. Qadın zərif məxluqdur, deyirlər. Amma deyəsən, qadın həm də güclü varlıqdır. Müsahibimiz Xanım Həsənova həyat tərzi və şücaətləri iə bir çox kişilərə, sözün əsl mənasında, meydan oxuyur.

Xanım Həsənova Zaqatala rayonunun Tala kəndində anadan olub. Atası Məmməd bəy də öz icadları ilə tanınıb, kənd camaatının hörmətini qazanıb. Xanım müəllimə isə atasının ixtiralarını dünyaya çatdırmaq arzusu ilə yaşayıb. İxtisasca idman müəllimi olan bu xanım əslində mühəndis-konstruktor olmaq istəyirmiş.

© Sputnik / Shahperi AbbasovaXanım Həsənovanın əl işləri
Xanım Həsənovanın əl işləri - Sputnik Azərbaycan
Xanım Həsənovanın əl işləri

Müsahibimiz Sputnik Azərbaycan-a atası haqqında bunları danışır:

"Atam sadə zəhmətkeş idi. Texnikanı çox gözəl bilirdi. Bu bölgənin adamları öz texnikaları xarab olanda atamın yanına gətirirdilər. Atamın rayonumuzda kənd təsərrüfatının inkişafında özünəməxsus xidmətləri olub. Amma təhsili olmayıb. Ona görə də ixtiralarına görə patent ala bilmirdi. Aldığı hər texnikada, dəzgahda bir yenilik edərdi. O, öz əlləri ilə sex düzəldib. Əllərini də dəzgah kəsmişdi. Ona görə də uşaqlarının köməyinə ehtiyacı var idi. Ən çox da mənə inanırdı, mən ona kömək edirdim. Təəssüf ki, mənə istədiyim ixtisası oxumağa icazə vermədi".

X.Həsənova deyir ki, atası ömrünün sonlarına yaxın qızının mühəndis olmaq istəyinə mane olduğu üçün peşman olub: "Amma artıq gec idi. Əslində, atamı anlamağa çalışıram. O da məni başa düşməli idi. Uşaq vaxtı atam anama deyirdi ki, ona ev işləri tapşırma. Həmişə kişi işlərinə qaçdım. Lakin sonra kişi işlərinə qaçmağımı istəmirdi. İstəyirdi ki, mən də o biri qızlar kimi olum".

Xanım Həsənova yaşadığı evi tək tikib, özü də heç kəsin köməyi olmadan. Dediyinə görə, bu işə başlayanda çoxları onu çəkindirmək istəyib. "Sən qadınsan, sənin gücün çatmaz" — deyən insanlara Xanım müəllimə isbat edib ki, gücü çatır.

© Sputnik / Shahperi AbbasovaXanım Həsənova bu evi təkbaşına, heç kimin köməyi olmadan tikib
Xanım Həsənova bu evi təkbaşına, heç kimin köməyi olmadan tikib - Sputnik Azərbaycan
Xanım Həsənova bu evi təkbaşına, heç kimin köməyi olmadan tikib

Bu işdə ona mane olanlar da olub, özü də ən çox əks cinsin nümayəndələri: "Feminist deyiləm, amma tarixən kişilər qadınlara yuxarıdan aşağı baxıblar. Elə indi də vəziyyət dəyişməyib. Kişilərin bu hərəkətindən heç xoşum gəlmirdi. Mən onlara deyirdim ki, sizə qadının kişi işlərini onlardan da yaxşı bacardığını sübut edəcəm".

"İşə başlayanda öz-özümə "geriyə yol yoxdur" dedim. Mənə gülürdülər, məni tamamilə təklədilər, amma sonunda bu işin öhdəsindən gəldim. 5 il torpaq sənədi üstündə çalışdım. Bu evi təkbaşına 12 ilə tikib qurtardım", – həmsöhbətimiz deyir.

Xanım müəllimə qadınların tək yaşamasına ətrafdakıların pis baxdığını, ailələrin qız uşağına pay torpağı vermək istəmədiklərindən gileylənir: "Mən torpaq deyən kimi, deyirdilər ki, torpaq qadının nəyinə lazımdır".

Çoxlarına qəribə gəlsə də, Xanım müəllimənin evində nə istilik sistemi var, nə də soba. O, bunu belə izah edir: "İnsan təbiətin hər şəraitinə uyğunlaşmalıdır. Təbiət özü insanı yaşadır. Soyuq su ilə yuyunursansa, bir müddətdən sonra isinməyə başlayırsan. İsti suyla yuyunursansa, sonra tərləməyə başlayırsan və xəstələnirsən. Soyuq suyun təması bədəndə mükəmməllik yaradır".

"Bir dəfə filmə baxırdım. Filmdə maral dağda balasını dünyaya gətirir. Bala qarın içinə düşür. Maral balasının üstündəki qarı təmizləyir və yanına aparıb gedir. Mən bu səhnəni gördükdən sonra öz-özümə dedim ki, mən niyə təbiətdən qorxmalıyam? Niyə mən o zəhmətə alışmayım? Təbiətə baxanda təbiət bizə çox şey göstərir",- deyir Xanım müəllimə.

Xanım müəllimə insanları tibdən mümkün qədər uzaq olmağı çağırır. Deyir ki, elə insanlar var, sanki dərman olmasa, yaşaya bilməzlər. Bu isə düzgün deyil, iradəsizlikdir. O, özü nə qədər xəstələnsə də, heç vaxt həkimə müraciət etməyib: "Özüm xəstələnəndə öz həkimim olmuşam, yaralananda, yaramı özüm sağaltmışam. Başqalarını da inandırmağa çalışıram ki, bu, mümkündür. Elə xəstəliklər var ki, dərman onu daha da ağırlaşdırır".

Xanım müəllimənin dediyinə görə, uşaqlıqda zəif olub. Ona görə də atası onu idmana, ağır işlərə cəlb edib ki, canı bərkisin. İndi Xanım müəllimə hesab edir ki, idman insanın həyatı, sağlamlığı üçün əvəzsizdir: "Mən idman müəllimiyəm. Şagirdlərim başqa dərslərdən qaçsalar da, mənim dərsimə həvəslə gəlirlər. İdmana marağı olmayan şagird belə mənim dərsimə girsə, dərsin sonunda çıxmaq istəmir".

İnsanların böyük bir qismi dadlı, ləzzətli yeməklərə üstünlük verir. Xanım müəllimə isə insanlara "ləzzətli" hesab etdikləri yeməklərdən qaçmağı tövsiyə edir: "Mən yeməyə aludə olmağı xoşlamıram, nə tapıram, onu yeyirəm. Hər kəs dadlı, duzlu, yağlı yeməkləri xoşlayır, amma mən çox vaxt dadsız, amma faydalı yeməkləri yeyirəm. Öz yaxınlarıma da həmişə deyirəm ki, hərdən bu qızartmalardan, xəmir xörəklərindən qaçın, orqanizminiz bir az dincəlsin".

© Sputnik / Shahperi AbbasovaEvin hər yeri unikal naxışlarla bəzədilib
Evin hər yeri unikal naxışlarla bəzədilib - Sputnik Azərbaycan
Evin hər yeri unikal naxışlarla bəzədilib

Xanım Həsənova müasir gadgetlərdən — mobil telefon, kompüter, televizordan uzaq gəzir. Deyir ki, son vaxtlar insanlar sanki robotlaşıblar: "Heç nəyi yadlarında saxlaya bilmirlər. Hər şeyi telefonla, kompüterlə edirlər, bununla hara gedirik?"

Xanım müəllimə qadınların həddindən artıq bər-bəzəyə aludə olmasını da bəyənmir: "Tanrı insanı necə yaradıbsa, elə də yaşamalıdır. Mən insanların özlərini dəyişməsini təbiətə qarşı çıxması kimi başa düşürəm. İnsanlar nə qədər təbii olsalar, bir o qədər də səmimi olarlar, daha çox sevilərlər".

Bütün bunlarla yanaşı, Xanım Həsənova həm də oyma sənəti ilə məşğuldur, üstəlik dərzi kimi də fəaliyyət göstərir. Hazırladığı oyma sənətinin nümunələrini bir sıra festivallarda nümayiş etdirib və hər kəsin marağına səbəb olub.

Xəbər lenti
0