BAKI, 21 mart — Sputnik. Böyük Britaniyada yaşayan bir kişi bədənindəki döymələri ilə sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Onu görənləri heyrətləndirən bu adamın bədəninin 90%-i döymələrlə örtülüdür.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, 32 yaşlı Adam Körkeyl Rusiyada doğulub, Polşada böyüyüb və hal-hazırda Böyük Britaniyanın paytaxtı Londonda yaşayır. İlk döyməsini 20 yaşında etdirən Körkeylin həyatı 22 yaşında xərcəng xəstəliyinə tutulandan sonra dəyişib. Xəstəliklə mübarizə apardığı müddətdə həyata baxışının dəyişdiyini deyən Körkeyl, döymənin ona psixoloji cəhətdən kömək etdiyini qeyd edib. 12 il ərzində vurdurduğu döymələr nəticəsində onun görünüşü tamamilə dəyişib. O, bu gün tanınmaz hala düşüb.
Gözünün içi də daxil olmaqla, bədəninin təxminən 90%-i döyməli olan Körkeyl, İngiltərə mediasına verdiyi müsahibədə belə deyib: “Həmişə cəmiyyətdən bir az fərqli davranmışam. Döymələrimi özüm hazırlamışam. Hələ işimi bitirməmişəm”.
Körkeyl, bədəninin hər yeri döyməli olana qədər başladığı bu işi davam etdirəcəyinə söz verib.