BAKI, 19 mart — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilib.
Sputnik Azərbaycan APA-nın məlumatına görə, MSK sədrinin müavini bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, həftədə 3 saat İctimai Televiziya, 3 saat İctimai Radio olmaqla, ümumilikdə 6 saatlıq ödənişsiz efir vaxtı ayrılacaq.
İctimai Televiziya və İctimai Radioda hər dəfə 1 saat olmaqla, həftə ərzində üç dəyirmi masa təşkil ediləcək. Ötən seçkilərdən fərqli olaraq, namizədlərin istəyi nəzərə alınıb, İctimai Televiziyada efir vaxtı saat 19.00-dan saat 22.00-a dəyişdirilib. İctimai Radioda isə dəyirmi masalar saat 19.00-da təşkil ediləcək.
Püşkatmanın nəticəsinə əsasən, prezidentliyə namizədlər İctimai Televiziya və İctimai Radioda dəyirmi masalarda aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:
1 — öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,
2 — Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə
3 — Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev
4 — Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev
5 — "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev
6 — Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlu
7 — Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev
8 — Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev
Hər namizəd hər Dəyirmi Masada 7 dəqiqə 30 saniyə çıxış edəcəklər.