BAKI, 19 mart — Sputnik. Suriya prezidenti Bəşər Əsəd Şərqi-Qutada döyüşən əsgərləri ziyarət edib. Hərbçilər tərəfindən alqışlarla qarşılanan Əsəd diqqətçəkən açıqlamalar verib.
Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, B.Əsəd bütün dünya üçün savaşdıqlarını söyləyib: "Siz qəhrəman döyüşçülər, əslində, bütün dünya üçün burada savaşırsınız. Zəfər münasibətilə hamınızı təbrik edirəm".
Bir aydan çoxdur ki, müxaliflərin nəzarətində olan Şərqi-Qutada şiddətli döyüşlər davam edir. Əsədə bağlı ordu qüvvələri, şəhərin böyük hissəsinə nəzarəti ələ keçirə bilib. Mülki əhali bölgəni tərk etməyə davam edir.
Birləşmiş Millətlər Təşkilatının açıqlamasına görə, ötən həftə ərzində bölgədən 25 minə yaxın dinc sakin qaçıb. Xeyli sayda insan isə hökumət tərəfindən açılan koridordan istifadə edərək bölgədən çıxmaqdan imtina edir.