BAKI, 18 mart — Sputnik. Britaniyanın Kent qraflığına tabe olan Qreyvzend şəhərində ötən gecə bir gənc minik avtomobili ilə gecə klubunun ərazisinə daxil olub. Nəticədə 13-dən artıq adam xəsarət alıb. Doğrudur, onların həyatına hazırda heç bir təhlükə olmasa da, hadisə şəhər əhalisi arasında narahatlıq yaradıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, gecə klubuna gələn polis sui-qəsddə şübhəli bilinən cavan oğlanı saxlayıb. Versiyalardan birinə görə, insidentdən bir az əvvəl ondan klubu tərk etmək tələb olunub. Nəticədə dava-dalaş düşüb. Bundan qəzəblənən gənc bu dəfə kluba avtomobili ilə birlikdə daxil olmağa qərar verib.
Qraflığın polisi rəsmi Twitter hesabında bildirib ki, bu insidentə terrorizmlə əlaqədar hadisə kimi baxmırlar.
— Kent Police (UK) (@kent_police) 18 марта 2018 г.
Bununla yanaşı polis yaralıların sayının arta biləcəyini qeyd edib. Çünki bir neçə nəfər insident zamanı hadisə yerini panika içində tərk edib və onların yaralı olub-olmadığı hələlik məlum deyil.
Baş vermiş olay vaxtilə Azərbaycanda vaqe olmuş bir hadisəni xatırladır: "Bölgələrdən birində toy zamanı yük maşını sürücüsü rəqs etmək üçün musiqi sifariş etməyə cəhd etsə də, uzun müddət ərzində buna nail olmur. Heç cür rəqs edə bilməyəcəyini görən sürücü "yaxşı, indi ki, mənə oynamağa imkan vermədiz, indi burda sarı KAMAZ oynayacaq" deyib məclisi tərk edir. Bir müddət sonra isə sürətlə çadıra daxil olan sarı rəngli KAMAZ yük maşını, toyu sona çatdırır. Sürücü isə qanı qaralmış toy əhlinə qalib görkəmdə "gördüz, sizə dedim axı burda sarı KAMAZ oynayacaq" sözlərini deyir.