BAKI, 15 mart — Sputnik. Sovetlər dönəmində uzun müddət müxtəlif vəzifələrdə çalışmış, həmçinin Ali Sovetin deputatı olmuş Bilal Mahmudov 89 yaşında vəfat edib. Sputnik Azərbaycan enter.news-a istinadən xəbər verir ki, mərhum prezident Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi tanınan Bilal Mahmudov ölümünə qədər də ölkənin ictimai həyatında özünün aktivliyi ilə seçilib.
Xatırladaq ki, 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuş Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və məhz, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şəxsən onun təşəbbüsü ilə Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Bilal Mahmudov dövlət qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif olunub. Ötən müddət ərzində Heydər Əliyevlə bağlı xatirələri dövrü mətbuatda dərc edilib.